Son günlər Lerik rayonu ilə bağlı silsilə yazılar paylaşılır.
Dosye.org saytının elektron ünvanına sözügedən rayonla bağlı daha bir şok doğuracaq məlumat daxil oldu. Belə ki, Lerik rayonunda Brkandul meşələri müəmmalı şəxslər tərəfindən talanır. Təəssüf hiss ilə qeyd etməliyik ki, cənub bölgəsinin dilbər guşələrindən olan Lerik rayonu acınacaqlı günlərini yaşayır.
Dosye.org-ın əldə etdiyi məlumatlara əsasən meşələrin məhvinə şərait yaradan meşəbəyi Tehran Ağayev və meşə gözətçisi Rəsul Bəndiyevdir. Digər bir məlumatda o da vurğulanır ki, İltifat Hüseynov adlı şəxs yuxarıda adı hallanan Tehran və Rəsulla əlbir olaraq ağacların doğranıb məhv edilməsində birbaşa iştirak edir. Lakin rayonda hüquq mühafizə orqanlarının məsələyə biganə yanaşması olduqca üzücüdür.
Bunlardan əlavə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun susqunluğu heç də başadüşülən deyil. Fotolardan da aydın görünür ki, Lerikdə meşələr kütləvi şəkildə məhv edilir və hal-hazırda da sürətlə davam edir. Əslində rayonda təbiətin məhvi kimlərinsə şəxsi maraqlarına qurban verilir. Etiraf edək ki, Lerik RİH-nin başçısı Rövşən Bağırov qeyd etdiyimiz bütün neqativ halların canlı şahididir.
Ən azından icra başçısı məlumatlıdır ki, Brkandul meşələri hansı yolla talanır. İstər icra başçsı tərəfindən, istərsədə nazirlik tərəfindən məsələ təkzib edilərsə, deməli hər iki qurum həvalə olunan işləri icra edə bilmir. Yox, əgər məsələ təsdiqini taparsa deməli adı hallanan qurumların razılığı alınıb. Bu istiqamətdə araşdırmalarımız davam edir.