Okudum diqqətlə son məktubunu,
Çıxdı gözlərim həlqələrindən;
Nifrətlər oxudum sənə dərindən
Anlayınca sənin son məktubunu.
Gəl bir az da dinlə bəni, bir az da
Qan-qan söyləyirsən çaldığın sazda
Ağzımız radiodur bütün dünyaya
Bu gün bütün dünya eşidir bizi;
Getməz sözlərimiz, getməz havaya,
Sən də varlığınla dinlə bir bizi!
Bilməm nə vermişdir sənə müsavat?!
Ki, hər bucaqda sən çalırsan qanad.
Rəngi, rayihəyi anlamazsın sən;
Üç rəngli bayraqda nə buldun söylə?
Hanı güvəndiyin ağalar, xanlar?
Hanı bizləri bir pula satanlar?
Hanı Xoyski, hanı Əhməd bəy?
Hanı o Nəsib bəy, hanı o köpək?
Eşitim Parisdə və İstanbulda
Satmışlar Bağını biz də içində
Qanlar axıtmışlar onlar bu yolda;
Qəm qüssə çəkməkdən düşmüşlər heydən
Özləri üçün də bizim üçün də;
Çıxmışdır əlləri puldan, hər şeydən;
Onlar şantanlarda çağırıb iclas,
Aprel günlərinə saxlayırlar yas.
Aprel; bizdə bayram, sizdə matəm,
Aprel; yükləmişdir sırtınıza qəm.
Apreldə gəlmişdir işçilər cana,
Aprel can vermişdir Azərbaycana
Pırıl – pırıl yanır, göz qırpır aprel,
Yüzünüzə acı söz çırpır aprel
Apreldə duruldu bulanıq sular,
Apreldə oyandı çəlik duyğular.
Aprel; Kafkasyanın dərdini tapdı,
Bir çok yürəklərdən bir yürək yapdı.
Sizin cəmiyyəti öldürdü aprel,
Hələ yenə kokur mırdar cəmdəgi;
Gülməyən yüzləri güldürdü aprel,
Güc tapdı işçinin xəstə biləyi.
Aprel boğazından amışdır dünü.
Aprel; işçilərin qurtuluş günü.
Əkşi yüzünüzə tüpürdü aprel,
Sizləri buradan süpürdü aprel.
Hələ yadımızda mart hadisəsi
Ki, millət adına tökdünüz qanları;
– – –
Qaçıb İstanbula əliniz qanlı
Dediniz: bizləri xilas ediniz!
Qoşuldu sizlərə saysız osmanlı,
Geçərkən bırakdı yolda qandan iz.
Siz erməni və türk əməkçisini
Bir-birinə düşman kəsdirdiniz.
Unudub onların köməkçisini
Yerlərə tökülən qanları şərab
Əvəzinə içib, sonra şişdiniz.
Sizin fitnənizin nəticəsində
Mıxlandı divara xırda uşaqlar;
Qaçqınlarla dolu gizli bucaqlar.
O dövrün: fəqanlar vardı səsində;
O dörvün: nə deyim nəyi yokdu ki…
Vəhşəti o kadar çokdu, çokdu ki.
O zaman, o zaman, əvət o zaman
Can verən balığın gözləri gibi;
O zaman yerlərə bakmadaydı ay
Başını itirmiş sərsəri gibi;
O da seyr edirdi milli qırğını
Geyindi məmləkət atəşdən gömlək
Bir yanda cəmdəylər, bir yanda da qan
Sağ qalan pərişan, dalğın kütlənin
İradəli asi, yorğun kütlənin
Aclıq qarğa gibi qondu başına.
Verməkçün nihayət bu göz yaşına
Nümayiş etdirdi öz varlığını
İnqilab: devlərin yürəklərində,
İnqilab: devlərin biləklərində,
İnqilab: devlərin diləklərində,
İnqilab: devlərin əməklərində.
– – –
Hər geçən adama, hər tin başında
Bir tikə çörəkçin uzandı əllər;
Qəfəsdə çırpınan bütün gönüllər
Təsəlli aradı öz göz yaşından.
O zaman bu yerdə açlıkdı hakim;
Küncüt yeyən kimdi, gök ot yeyən kim…
Şişmişdi aclıqdan əllər, ayaqlar;
Nə yaman çağlardı, aman o çağlar.
Onlar qaçmışlarda.. nə veclərinə
Hətta Türkiyədə belə demək olar ki,
Kapak tapmışlardı quvəcilərinə.
Onlarçün bu işdən asan nə var ki?
19-cu il bu məmləkətin
Halını eylədi olduqca çətin;
Zahirdə mədəni, batində vəhşi;
Varlıkları əkşi, yüzləri əkşi
Cəlladlar qurdular dar ağacları
Şəhərin göbəyində, tam ortasında.
Zira vardı buna ehtiyacları;
Nə işi onların xalqın yəsində?
Onların əlində olsaydı fürsət
Salıb cümləmizin boğazına ip,
Dar ağaclarından asardı əlbət,
Sonra bir “kabare” verərək tərtib
“Kurtulduq” deyərək edərdi bayram.
Bizlər bu işdə heç görünmədik xam
Məhbəsdə yatdırsa bir çoxlarımız
Endi başlarına yumruqlarımız.
– – –
Görənlər bilir ki, Bakı o zaman
Qızdırma keçirdi; qusdu qızıl qan
Oldur darmadağın, evlər pərişan
Hər evdən yüksəldi oxşamaq səsi.
Kimsədə sevincdən qalmadı nişan
Dokundu yülərə ölüm busəsi.
Odur ki, bu yerin dərdli sazında
Çalındı o zaman yanıq havalar;
El aşıklarının söz arasında
Vurduğu xallarda vardı ah-zar.
Sardı hər tərəfi ölüm səsləri;
Sizsiziniz bu işin müəssisləri!
– – –
20-ci ildə nələr olmadı;
Yüksəldi göylərə yerin fəryadı.
Yandı od içində Şuşa qalası,
Əks etdi dağlara matəm havası.
Qalın dimağların qaranlığında
Milli ədavətin şimşəki çaxdı;
O şimşək ah… bütün bir şəhəri yakdı
Sizlər deyildiniz, əzilən ölən:
Bu iki millətin yoksullarıydı
Onlar bir sinfin oğullarıydı.
Şuşa qalsı bir yanar dağ oldu.
Ah, bu yanar dağı yaxından görən
Sızladı, sızladı dərindən dərin;
Bu; onun qəlbində böyük dağ oldu.
İki millət deyil, iki sinif var
Siz əzilən sinfi çox aldatdınız.
“Görməsin dünyayı sonra ayılar”
Deyə, gözlərinə torpaq atdınız.
Daşnak, firqəsindən istədi subat
Quranı bir qalxan yapdı müsavat
Bir yanda hökmran quduz daşnaklar.
Bir yanda müsavat adam bıçaqlar
Müsavat deyirdi: “ey igid türklər!
Bu kadar uyumak olmaz bu kadar
Ermənilər sizin düşməninizdir,
Gözündə onların vətəninizdir!
Durunuz, durunuz cihad vaxtıdır!
Körpə uşağa da acımayarak.
Bu murdar milləti lazımdır qırmaq!”.
– – –
Bir yanda da durub deyirdi daşnak:
“Ey gözü kor millət! Günahdır yatmaq.
Türklər qanınızı içməyə hazır.
Kalkınız, kalkınız bu siz, bu mavzir!”
Sizin yapdığınız o kadar çok ki,
İmdi sizə dair yamzkçin dastan
Dənizlər mürəkkəb olsa da azdır.
Sizdə beyin yok ki, düşüncə yok ki
Sizin nəfəsiniz zəhərli qazdır.
Sizin İstanbuldan döndüyünüz an
Qapladı yerləri Sultan ordusu;
Keçdi iş başna paşalar, xanlar,
Təzədən Bakıda qasırğa oldu.
Uzandı üstünə qanlı pəncələr;
Qucdu şəhərimizi atəşdən çənbər.
Qıvrıldı, qıvrıldı yandı şəhərimiz;
Uzaktan bakanlar sandı şəhərimiz:
Qan alev rəngində bir sırğa oldu.
Bilirdik bu dərdin bir əlacı var
Müdhiş qızdırmadan bıkan bu şəhərin
Fəryadı göylərə çıxan bu şəhərin
Şimal yerlərinə ehtiyacı var.
– – –
Çürük bir firqəyə olaraq rəhbər,
Bir allah kəsildi Məhəmməd Əmin
Hər bir yığıncaqda açaraq şəhpər,
Millətin önündə eylədi yəmin
Ki, “üç rəngli bayraq enməz bir daha.
Yakdığımız məşəl sönməz bir daha!”.
Tüstü yerinə hər bacadan çıxan
Sizin zülmünüzdən ahdı, fəryaddı.
İnqilab uğrunda coşub, hayqıran
Əlinizdən ölüm şərbəti daddı..
Doğrudur: bolşevik qanilə sizin
Qanınız bir dəyil; sizinki zərdab.
Sığınıb qoynuna siz ingilizin
Orada yalıyınız doyunca boşkab
Bizim mədənlərdə alışan işçi:
-Yerdən çıxardığım bu qapqara qan
Bənimdir: nur alır zülmət qanından!
“Beyni ölkəmizin qızıl Moskva,
Bakı da qəlbidir, can verir ona”
Şimal: verdi bizə həyat dirilik;
Şimal dedi: lazım işçiyə birlik!
Şimal koşdu bizə imdadə qansız;
Şimal mübarəzə etdi amansız:
Bizi ingilizə heçə satanla,
Alçaq bəylə, xanla və şarlatanla,
Şimal bizimkidir, biz şimalınkı
Şimal inqilabın qızıl beşiyi
Bakınız bir dünya yaradırız biz.
Yaratmakdan başka aramadayız
Hər ufacık şeydə biz bir inqilab.
Bizim rəhbərimiz Lenin, firqəmiz;
Onun yolları ilə yürüməkdəyiz.
Sizin rəhbəriniz bir şarlatandı,
Nə tez söndü onun alovu, andı?!
Şeir 1930-cu il 2-7 aprel tarixlərində “Kommunist” qəzetində nəşr olunub. Ardı var