Əlikram bəy, qayıdaq 26 yanvar hadisələrinə, Lənkəran Xalq Cəbhəsinin bəzi üzvləri, məsələn Əli Nasir və Hüseynqulu Məmmədov iddia edirlər ki, LXC-nin İdarə Heyyəti ilə o vaxtkı yüksək rütbəli Sovet hərbiçiləri arasında silahların milis idarəsinə təhvil verilməsi ilə bağlı danışıqlar gedib və razılıq əldə edilibmiş, lakin sizin Hafthoni meşəsinə çəkilməyiniz bütün danışıq prossesini alt-üst edib, bu barədə nə deyə bilərsiniz?
(ƏVVƏLİ BURADA: “Qarbaçov əmr vemişdi ki, Lənkəranı yer üzündən silin”)
25 yanvardan 26 yanvara keçən gecə Hafthoni sanatoriyasının binalarında könüllüləri yerləşdirdikdən sonra bölmə komandirləri ilə kiçik bir iclas keçirtdik, hərtərəfli müzakirələr apardıq, üstümüzə gələ biləcək hərbi texnikanın qarşısına yanacaq axıdıb, alışdırmaqla bağlı planın gətirə biləcəyi fəsadları nəzərə alaraq, özümüzlə gətirdiyimiz, sisternləri yanacaqla dolu avtomobilləri buraxmaq qərarına gəldik. Səhər sübh tezdən meşənin dərinliklərinə çəkilmək barədə qərarlaşdıq. Könüllülərin bəzilərinin psixoz çıxış və hərəkətlərini nəzərə alaraq, onları tərkisilah edib, geri qaytardıq. Hamının yerləşmə, qidalanma vəziyyətini yoxladıq. Pansionatın 2 mərtəbəli binasında 3 rəngli bayrağımızla yanaşı İran İslam Respublikasının da bayrağının asılmasını müşahidə etdim və İİR-nın bayrağının asılma səbəbini öyrənməyi, indi adını xatırlamadığım komandirlərdən birinə tapşırdım…. Səhər sübhə yaxın şəhərdən arxa yollarla fasilələrlə göndərdiyimiz rabitəçilər vasitəsi ilə (Allah Canqo Nadiri rəhmət eləsin) məlumatlar alırdıq. Artıq bizə məlum idi ki, hərbi komandanlıq şəhər daxilində heç bir əməliyyat aparmır və İdarə Heyyəti ilə danışıqlar aparılır. Bizdən danışıqların nəticəsini gözləmək də tələb edilirdi. 26 yanvar səhər sübhdən meşə dərinliklərinə çəkilmək barədə qərarımızı dayandıraraq, danışıqların nəticəsini gözlədiyimiz müddətdə coxsaylı ağır vertalyotların ətrafımıza dessant çıxartdığını müşahidə edir və danışıqların sadəcə vaxt udmaq xatirinə edildiyini də anlayırdıq. Meşədə düşərgə hazırlamaq və yer seçmək üçün bölüyün birini, səhv etmirəmsə komandiri Azad idi, meşə dərinliklərinə yola saldıq. Günorta İdarə Heyyətinin üzvü Vaqif Abışov hər iki tərəfin imzaladığı protokolla yanımıza gəldi. Bir neçə bənddən ibarət təslim protokolunda, bir bəndin çox aşağılayıcı, təhqiramiz formada tərtib edildiyini Vaqif bəyin nəzərinə çatdırmaqla, bildirdik ki, bu sənəd ümummili qəhramanlığı, fədakarlığı heçə edirməklə, bütün xalqımızı təhqir edir, mərdlik anlayışını heçə endirir. Biz çox zəif silahlansaq da, ümumqəhramanlıq ruhuna özümüzü qurban verməyə hazır idik, ancaq alçalmaq niyətində deyildik və bu barədə hərbi sıra qarşısında məlumat verdik və yüksək ruh yüksəkliyi ilə alçaldıcı təslim olunmaqdan imtina edərək, meşəyə çəkilmək barədə komanda verildi. Əliqismət bəyə tapşırıq verildi ki bayrağımızı öz qrupu ilə xilas edərək gizlətsin və ya meşədə bizə çatdırsın. O, bu tapşırığı dəqiqliyi ilə tam yerinə yetirmişdi, sonradan mənə danışdı ki, İİR-nın da bayrağı təkrarən həmən yerdə olub, onu da oradan götürərək, gizlədib… 27 yanvarda qabaqcadan hazırlanmış düşərgəmizdə bir qrup könüllü ilə olanda, yadımda daha çox qalan o oldu ki, Lənkəran rayon komitəsindən götürdüyümüz kommunist partiyası üzvlərinin 4 minlik kartoçka və biletlərinin yandırılmasından yaranan çox murdar bir iy adami bogurdu…
Əlikram bəy, qeyd etdiz ki, Hafthonidəki qərargahınızda Azərbaycanın bayrağı ilə yanaşı İran İslam Respublikasının da bayrağı dalğalanırdı, İran İslam Respublikasının bayrağı nə məqsədlə asılmışdı?
Bu günlərdə mənimlə Hafthoni qəsəbəsinin ətraf kəndlərinin birində yaşayan bir gənc əlaqə yaratdı, məktub yazdı, mənim həqiqətən mən olduğumu özü üçün yəqin edəndən sonra danışdı ki, biz Hafthonidə olanda onun 9-10 yaşı varmış, üzərimizə zirehli texnika yeridiləndə o və onun həmyaşıdları tankların qarşısına əllərində adi çay daşları ilə çıxıb, onları dayandırmağa cəhd edirmişlər… Uşaqlı – böyüklü millət cəsarət, qəhramanlıq nümunəsi idi o dövrlərdə, amma indi o gəncin həddən ziyadə ifrat ehtiyatkarlığının şahidi oldum, bunu kim, kimlər edib, gələcək nəticəsi necə olacaq?… Hesab edərdim milləti, vətəni naminə həlak olan igidlər, hayküyçü vətən-millət sevənlərdən vətən və millətlərinə əbədi xidmət etməklə, daha uzunömürlü olurlar… Biz könüllülər, müqavimətsiz üzərimizə gələn qara qüvvənin qarşısından çəkilməyi millətin azadlıq, demokratiya, vətən bütövlüyü naminə inamlı, cəsarətli çıxışlarının ölməməsi naminə özümüzün həlak olmasına belə hazırlamağa cəhd edərək, onu qəbul da etmişlərdən ibarət sayırdıq. Lakin onda da, indi də düşünürük ki, içərimizdə müxtəlif məqsədlərə xidmət edənlər az deyildi. Belə ki, İran İslam Respublikasının bayrağının bizim düşərgədə peyda olması saf niyyətdən deyildi, yəqin ki, onu vaxtında oradan uzaqlaşdırmasaydıq, nəzərdə tutduğumuz məqsəd və mərama kölgə salmaq üçün Moskvaya böyük imkanlar yaranacaq, bizi, indi Azərbaycanda olduğu kimi, təbliğat və beynəlxalq ictimaiyyət qarşısında gözdən salma məqsədi ilə, müxtəlif dövlət və qüvvələrə, o cümlədən İrana bağlamaqla gözdən salmağa cəhd ediləcəkdi. Çox ola bilərdi ki, sadələşdirilmiş gediş-gəliş də dayandırılsın, sərhədlərə yenidən “dəmir pərdə” çəkilsin.
(BUNA DA BAX: AXC-nin konfransında nədənsə Lənkəran Xalq Cəbhəsindən İdarə Heyyətinə heç kəs “seçilmədi”)
Ələkrəm bəy, Xalq hakimiyyəti süquta uğrayandan sonra neçə nəfər həbs edildi?
Bu suala dəqiq cavab vermək üçün sənədlərə, o vaxtkı məlumat və digər materiallara baxmaq lazımdır, onlarsa hazırda məndə yoxdur, yaddaşıma istinadən yazmaq məcburiyyətindəyəm, yəqin ki, keçən uzun müddətin təsirindən çoxlu yanlışlıqlar da ola bilər və məni üzürlü sayın. Haftonidə təqribən 90 nəfərə yaxın silahdaşımız əsir götürüldü. Rəhmətlik Tariyel vertalyotda, metal məftillə boğazından bağlandığından şəhid oldu, hazırda məzarı Bakıda Şəhidlər Xiyabanındadır. İdarə Heyyətinin uzvləri Əli Nasir və Əlimuxtar cəbhənin qərargahından Lənkəran sərhəd dəstəsinin qərargahına aparılaraq, orada həbs edildilər. Döyüşdə əsir düşənlərin böyük bir hissəsi Rusiya Fedrasiyasının, səhv etmirəmsə, Ulyanovsk şəhər həbsxanasına aparılmışdı. Bu gün, o vaxt həbs olunan və şəhid olanlar az qala unudulub, lakin hesab edirəm ki, Lənkəran hadisələri zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə ölənlərin hamısını vətənin həqiqi qəhrəmanları statusunda daima hörmətlə anmalı, sağ qalanlarına isə daimi ehtiramla münasibət bəslənməlidir ki, vətənin həqiqi vətənpərvərlik nümunəsi ilə gənclyin tərbiyəsi qurulsun….Çox təəssüflər ki, düşünülmüş şəkildə, vətən və xalqın həqiqi Qəhramanları unudulur, süni, yalançı qəhramanların az qala xəyanət nümunəsindən gəncliyə nümunələr qurulur… Vətəndə olanda hər il 26 yanvar günü Haftoni qəsəbəsində həmin döyüş meydanına gedir, özümlə gəncləri də aparmağa cəhd edirdim, həqiqi qeyrət nümunəsi olan vətən-millət övladlarının şücaətini və vətənimizi necə görmək istədiklərini onlara anlatmağa çalışırdım…
Siz özünüz neçə müddət həbsdə qaldız? Həbs olunduğumdan təqribən 3 ay sonra, noyabr ayında məhkəmə prossesi başladı. İstintaqı aparan, o vaxt gənc, Azərbaycan SSR prokurorluğunda yenicə fəaliyyətə başlayan, hazırda Respublika Baş Prokurorunun I müavini olan Rüstəm Usubov idi və hər nədən hiss olunurdu ki, Moskvanın güclü təzyiqlərinə baxmayaraq, mənə nünasibətdə hardasa qəlində müəyyən rəğbət var. Məhkəmə prossesi başlamazdan xeyli əvvəl, mən həbs olunana qədər, yanvar hadisələrinə qörə həbs olunanların demək olar ki, hamısı həbsdən azad olunmuşdu və fəaliyyətlərində ruh yüksəkliyini bərpa edə bilmişdilər və tez-tez kollektiv formada Lənkərandan Bakıya gəlib, etiraz aksiyaları keçirir, mənim azadlığımı tələb edirdilər və məhkəmənin gedişatında da çox fəal iştirak edirdilər. Əsas vəkilimdən başqa (Allah ona rəhmət etsin), əvvəl İctimai vəkil kimi Araz Əlizadə, Lənkəran cəbhəçilərinin qınaqlı təkidlərindən sonra AXC-dən Vurğun Əyyubov müdafiəni çox savadlı qura bildilər. Dekabr ayının son günlərində müdafiənin birgə vəsadəti ilə zaminə buraxılmağım barədə vəsadət verildi. Hakim İsmət (soyadı yadımda deyil, Allah ona rəhmət etsin, ona olan təzyiqlərə ürəyi tab gətirmədi) vəsadəti rədd etmək üçün qərar hazırlasa da, Xalq iclasçılarından biri (onlara o vaxt sagdış-solduş da deyirdilər) Svetlana Axundova min kişi qeyrəti göstərərək həmin qərara imza atmaqdan imtina etdi və onun təkidli tələbi ilə dekabr ayının son günlərinin birində zaminə buraxıldım və Lənkərana qayıtdım. Bu hadisə ümumxalq bayramı kimi qeyd edildi, ən əvvəl şəhidlər xiyabanını, Xalq Cəbhəsinin iqamətgahını ziyarət etdik və evə döndüm. Ümumxalq şücaətinin ruh yüksəkliyinin coşqusu, məni azadlığa çıxmağımdan çox sevindirirdi… 1991-ci ilin ilk iş günlərindən məhkəmə prossesi davam etdirildi və yanvar ayının 2-ci yarısında yenə Svetlana xanım Axundovanın təkidli tələbindən sonra, işin yenidən ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıldı. Son çıxışımda evdə qız balamın yanıma gələnlərlə Qarabağ barədə etdiyimiz müzakirələr zamanı, ağzımı kiçik əlləri ilə qapayaraq: -Ata, Qarabağdan danışma, səni tutarlar,- deməsini demişdim və çoxları kimi Svetlana xanım da çox mütəəssir olmuşdu…. Lakin bu qərar həmin dövrdə hakimiyyətdə olan rəhbərliyi və əsası Moskvanı qane etmədiyindən, yeni məhkəmə, bu dəfə artıq Lənkəranda təyin edildi və mənə 3 illik cəza kəsilməklə, həmin cəza şərti cəza ilə əvəzləndi…. Mənim üçün ən acınacaqlı xatirələrdən biri odur ki, müstəqil Azərbaycanın ədliyyə-məhkəmə qərarlarında həmən məhkəmə qərarı cinayət əməli kimi götürülərək, 1995-ci, 1996-cı və sonrakı illərdəki məhkəmələrdə “əvvəllər məhkum edilmiş” kimi göstərilərək, ağırlaşdırıcı hal kimi mənə qarşı istifadə edildi.
(ardı var)
“Tolışon Sədo” N: 31(43)
15 sentyabr 2012
VİDEO İZLƏ: “TALIŞLARLA BAĞLI YANLIŞ 6 SUAL”