Talış dili İran dilləri qrupunun şimal-qərbi İran dil yarımqrupuna daxil olan dillərdən biridır. Əsasən, Azərbaycanın cənubunda və İran ərazisində yaşayan xalqlardan biri olan talışların dili ilə bağlı müəyyən tədqiqat işləri olsa da, xüsusən də bu dilin sintaksisi ayrıca tədqiqat obyekti olmamışdır. Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox sahələrdə olduğu kimi, talış dilinin tədqiqi ilə bağlı da müəyyən işlər görüldü, talış dili orta məktəblərdə tədris olunur, bu dildə qəzet və internet səhifələri mövcuddur. Lakin bu dilin yazılı ədəbi formasının formalaşmaması bu sahədə problemlərin olması ilə nəticələnir. Ziyalılar arasında, ədəbi dilə münasibətdə iki fikir nıövcuddur. Onların bir qismi ədəbi dilin xalq danışıq dili əsasında, digər bir qismi isə “süni” şəkildə formalaşdırmağın lehinə fikirlər söyləyirlər. Bu məsələ özünü söz sırasına münasibətdə də göstərir. Belə ki, bəziləri belə bir qənaətə gəliblər kı, talış dilində cümlə əvvəllər CVO – yəni “mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” konstruksiyasında olmuş, sonradan isə digər dillərin təsiri ilə bu COV – yəni “mübtəda, ikinci dərəcəli üzvlər, xəbər” konstruksiyasına keçmişdir. Bu səbəbdən də həmin qismə aid insanlar öz yazılarında və çap əsərlərində cümlə quruluşunda müəyyən dəyişikliklər edərək xəbəri mübtədadan sonra işlədir və CVO konstruksiyasını tətbiq etməyə çalışırlar. Buna şərait yaradan səbəblərdən biri, artıq qeyd etdiyimiz kimi, talış dili sintaksisinin demək olar ki, tədqiq olunmamasıdır.
Dil faktlarına diqqət etdikdə müasir talış dilində biz daha çox COV – yəni “mübtəda, ikinci dərəcəli üzvlər, xəbər” ardıcıllığının şahidi oluruq. Məsələn: Kəçəl rəyrə tumə qəvış okarde, çı vəziri çanqı-poş dəbaste – Keçəl tez torbanın ağzını açdı, vəzirin əl-qolunu bağladı (I, s.90); Qədə Yusif bımon təmşo kardedəbe – Kiçik Yusif bunlara tamaşa edirdi (1. s.67); Ə qılə manqədə puli bə nəşriyati hisob dəbəvordınem – O biri ay pulu nəşriyyatın hesabına köçürəcəyəm (2. s.65); İ mıddət dəvardə bəpeştə, bə çımı kə zanq be – Bir müddət keçəndən sonra mənim evimə zəng oldu (2. s.140). Verilən nümunələrdən də göründüyü kimi xəbər cümlənin sonunda işlənir. Belə ki, “Nağıllar” kitabından verilən ilk iki cümlədə işlənən okarde (açmaq), dəbaste (bağlamaq), təmşo kardedəbe (tamaşa edirdi), S.Əsədullayevin “Oğru – Novator” kitabından götürülmüş sonrakı iki cümlədə dəbəvordınem (köçürəcəyəm), be (oldu) felləri cümləni tamamlayır və xəbər cümlənin sonunda işlənir. Lakin bu heç də o demək deyildır ki, talış dilində cümlə yalnız xəbərlə tamamlanır. Heç şübhəsiz, məntiqi vurğunun tələbi ilə bəzən cümlədə ikinci dərəcəli üzvlər xəbərdən sonra işlənə bilər. Məsələn. Xəbəş do ki. omə beşə bə Boku – Xəbər verdi ki. gəlib çıxıb Bakıya (2. s.140); Ve çoka şebən ım komandirovka – Çox yaxşı şey imiş bu ezamiyyət (2. s.102)
Göriindüyü kimi, verilən nümunələrdə cümləni heç də xəbər tamamlamır. Amma qeyd olunmalıdır ki, bu yalnız nitqin tələbi ilə bağlı olan haldır.
Talış dili ilə bağlı XX əsrin əvvəllərində yazılan mətnlərdə də biz eyni mənzərənin şahidi oluruq. Misallara diqqət edək: Səməd Vurğun Vəkilov 1906-ci sorədə çı Qazaxi rayoni Salahlı diədə çı mo bə – Səməd Vurğun Vəkilov 1906-cı ildə Qazax rayonunun Salahlı kəndində anadan olub (3. s.9); Çı qıləy dırısə sıquti dılədə şedəbin – Tam bir sükut içində gedirdilər (3. s.60). 1937-ci ildə orta məktəbin beşinci sinifi üçün çap olunmuş “Ədəbiyyat müntəxəbatı” (Ədəbiyatə xrestomatiya) kitabından verilən nümunələrdə “çı mo bə” və “şedəbin” sözləri xəbərdir və cümləni qapayır. İkinci siniflər üçün hazırlanan “Talış dili” kitabında verilən nümunələrə baxaq:
Zımıstonədə həvo sard bedə – Qışda hava soyuq olur (4. s.10); Əlfbeyədə əbıə vanqənə hərfon bınıvıştən – Əlifbada olan səsli hərfləri yazın (4. s.47) və s. Verilən nümunələrdə də xəbərin sonda işləndiyı aydın görünür.
Müasir talış dili ilə bağlı yazılan orta məktəb dərsliklərində də biz eyni halla rastlaşırıq. Misallara diqqət edək: Rujon i ruji vişə kənoədə pələnq də kıtı dimbədim omən – Günlərin bir günü meşə kənarında pələnglə pişik üz-üzə gəldilər (5. s.20); Sadıx dərsədə işdən bəşdə hejo qəp jedəbe – Sadıq dərsdə öz-özünə həmişə danışırdı (5. s.52) və s.
Maraqlı cəhətlərdən biri də budur ki. B.Millerin toplayaraq nəşr etdiyi mətnlərdə (“Талышские тексты”) söz sırası çox vaxt pozulur və daha çox CVO – yəııi “mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” düzülüşünə uyğun gəlir. Məsələn: Qılai tolış omeda ba mordov leina dave tovsonədə – Bir talış gəlir bataqlığa qaşış biçməyə yayda (əgər bu cümlə Millerin yazdığı kimidirsə, demək tərcümə düz edilməyib.red) (6. s.l 1); Glai axmağa merd qiniş kardə be ıştə ha – Bir axmaq kişi itiirmişdi öz uzunqulağını (6. s.42); İ la sük nışdəbe doədə – Bir xoruz oturmuşdu ağacda (6. s.44) – Göründüyü kimi, bu nümunələrdə xəbər mübtədadaıı sonra işlənir və bir çoxu məhz bu cür nümunələri əldə əsas tutaraq talış dilinin söz sırasının dilxarici faktorlarla sonradaıı dəyişdiyini iddia edirlər. Fikrimizcə, bu mətnləri əldə əsas tutaraq, bu cür fikirləşmək heç də doğru olmazdı. Çünki nəzərə almaq lazımdır ki, bu mətnlər şıfahi danışığa aiddir və şifahi danışıqda söz sırasının pozulması normal haldır və bu dalıa çox məntiqi vurğu ilə bağlıdır. Bu məsələyə bir çox dilçi alimlər diqqət yetirmiş və söz sırasının ədəbi dilə nısbətən şifahi nitqdə və dialektlərdə daha çevik və sərbəst olduğunu qeyd etmişlər (7. s.178). Digər tərəfdən əgər bu tam olaraq belə olsaydı, heç şübhəsiz, B.Miller kimi tanınmış bir iranşünas bunu nəzərdəıı qaçıra bilməzdi. Və sonuncu ən əsası isə bu mətnlərdə söz sırası -yalnız CVO – yəni “mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” quruluşuna uyğun deyil. Bu mətnlərdə biz eyni zamanda COV – yəni “mübtəda, ikinci dərəcəli üzvlər, xəbər” konstruksiyasına da rast gəlirik. Misallara diqqət edək: Hısaini jen boa pata be – Hüseynin arvadı doşab bişrmişdi (6. s.20); Podşo glai sıxan vote – Padşah bir söz dedi (6. s.31). Verilən nümunələrdə pata be (bişirmişdi) və vote (dedi) sözləri cümlənin feili xəbəridir və cümlənin sonunda işlənir
B.Miller özü də bu mətnlər əsasında hazırladığı “Talış dili” (Талышский язык) kitabında talış dilində sadə cümlədə söz sırasından danışır və yazır: “Cümlə üzvlərinin sırası ümumi halda ancaq aşağıdakı vəziyyətlərlə məhdudlaşır:
- Bütün təyinlər və təyin qrupları həmişə, heç bir istisna olmadan, təyin olunandan əvvəl gəlır. Belə ki, biz burada yeni fars dilində rast gəlinən (fars izafi adlanan) halın tam əksini görürük:
- Normal emosiyasız nitqdə xəbər mübtədadan sonra gəlir və cümlənin sonunda durur:
- Cümlənin istənilən üzvü məntiqi vurğu ilə fərqləndirilə bilər, öz adəti yerini dəyişə (inversiya) və hətta cümlənin əvvəlində işlənə bilər (8. s.206). Göründüyü kimi, B.Millerin gəldiyi nəticələr cümlədə söz sırasının mübtəda, ikiııci dərəcəli üzvlər və xəbər formasında olmasını göstərir.
Talış dili ilə bağlı yazılan əsərlərdə də cümlədə söz sırası ilə bağlı müəyyən fikirlərə rast gəlirik. Əldə olan əıı sanballı mənbə sayılan və SSRİ Elmlər Akademiyasının beş cildlik “İran dilçiliyinin əsasları” (“Основы Иранского языкознания “) kitabında L.A.Pireyko talış dılinin sintaksisi haqqında heç bir məlumat vermir (Bax: 9). Lakin L.A.Pireyko “Talışca-rusca lügət” (Талышско-русский словарь) kitabında yazdığı qısa oçerkdə cümlədə söz sırasına toxunur və yazır: “Cümlədə söz sırası kifayət qədər sərbəstdir, adətən mübtəda cümlənin əvvəlində, xəbər sonda durur, vasitəsiz tamamlıq xəbərdən əvvəl gəlir, vasitəli tamamlıq vasitəsizdən əvvəl, zaman zərfı isə bir qayda olaraq cümlədən əvvəl olur: Maşki mı bo tono kitob bavardem – Sabah nıən səninçün kitab gətirəcəyəııı. Yer və tərzı-hərəkət zərfləri xəbərə bağlanır. Mı ve kitob kədə handedəm – Mən çox kitab evdə oxuyuram” (10. s.348-349).
Göründüyü kimi L.Pireyko B.Millerdən fərqli olaraq, talış dılində söz sırasını nisbətən sərbəst sayır. Maraqlıdır ki, Avesta dilində və qədim fars dillərində də söz sırasının sərbəst olduğu qeyd olunur. Məsələn, artıq qeyd etdiyiıniz kimi, İran dilləri haqqında Rusiyada nəşr edilən 5 cildlik “İran dilçiliyinin əsəsları” (“Основы Иранского языкознания”) kitabında Avesta dili və qədim fars dilindən danışarkən S.Sokolov cümlə quruluşu məsələsinə toxunur və bu dillərdə cümlədə söz sırasının sərbəst olduğunu yazır. Kitabın “Avestanın dili” (“Авестийский язык”) hissəsində oxuyuruq: “Cümlədə söz sırası kifayət qədər sərbəstdir, necə ki, bu, zəngin fleksiyaya malik dil üçün təbiidir və sözlərin əlaqəsı yalnız morfoloji əlamətlərlə müəyyənləşir” (11. s.232). S.Sokolov qədim fars dilində isə, artıq xəbərin sonda işləndiyini qeyd edir və misallarla fıkrini əsaslandırır. “Söz sırası kifayət qədər sərbəstdir, amma tez-tez o belədir: zərflik (bütün cümləyə aid olan) mübtəda – tamamlıq – xəbər: avadä adam auramazdäm ayadaiy. Əyo (avadä) az (adam) Ahuramazdəm (auramazdäm) bə yod dənoe (ayadaiy) – (Orada mən Ahuramazdanı yada saldım) və s. (12. s.267).
Qədim İran dillərində söz sırasının nisbətən sərbəst olması, sonralar isə SOV düzülüşünə doğru getdiyı digər mənbələrdə də göstərilir. D.Edelman “İran və slavyan dilləri. Tarixi münasibətlər” kitabında yazır: Qədim mətnlərə və bundan sonrakı ardıcıllığın nəticəsi olan morfoloji transformasiyaların nəticəsinə görə, cümlədə söz sırası nisbətən sərbəst idı, amma artıq onda SOV ardıcıllığına meyl müşahidə olunurdu (13. s.112). Göründüyü kimi, İran dillərində əvvəllər söz sırasının sərbəst olduğu qeyd edilir. Müasir İran dilləri, o cümlədən talış dili ilə bağlı aparılan tədqiqatlarda isə biz cümlənin daha çox COV – yəni “Mübtəda, ikinci dərəcəli üzvlər, xəbər” konstruksiyası əsasında qurulduğunun şahidi oluruq. Ə.Sadıqovun “Talış dili” kitabında bu məsələyə toxunulmasa da, verilən nümunələrdə biz COV ardıcıllığını görə bilərik. Məsələn, Talış dilində xəbərdən danışarkən müəllif xəbəri ismi və feili olmaqla iki yerə bölür və onlara aid aşağıdakı nümunələri verir:
İsmi xəbərə aid: Düəvoj çı xıdo dışmene (Ys. s.29) – (Yalançı allahın düşmənidir); Çaş dıli ovəynəye (Ys. S.65) – Göz ürəyin aynasıdır;
Feli xəbərə aid: Bə bekoə odəmi şəyton sırə (Ys. s.10); – Bekar adama şeytan gülüb; Zəmonə odəmi ümütdə (Ys. s.34) – Zəmanə adamı öyrədir (14. s.l 10-115).
Ə.Rəcəbli də “Talışlar və talış dili” kitabında talış dilində söz sırasından danışarkən B.Millerin yazdıqlarına istinad edir (15. s.74). “The Iranian languages” (İran dilləri) kitabında talış dili ayrıca tədqiqata cəlb olunmayıb.
Lakin bu kitabda həm qədim, həm orta, həm də müasir İraıı dillərindən danışılır və cümlədə söz sırasına ayrıca yer ayrılır. Diqqət edək: Qədim İran dilləri haqqında müəlliflər yazır: Qədim İran dilləri – SOV – söz sırasının əsas forması – feil sondadır SOV (16. s.94). Daha sonra müəlliflər yazır: “Qədim Avestada söz sırası yeni avestaya və qədim fars dilinə nisbətən daha sərbəstdir” (16. s.95).
Orta İran dillərində müəlliflər artıq xəbərin sonra işləndiyini qeyd edirlər. “Orta İran dilləri – Normal söz sırası Subyekt (Mübtəda), Vasitəli obyekt (vasitəli tamamlıq), Feildir (Xəbərdir) (SOV)” (16. s.246).
Müasir İran dillərində söz sırasına da münasibət bildirilir. Müasir talış dilinə yaxın olan kürd dilindən danışarkən müəlliflər söz sırası haqda yazırlar:
Deklorativ (rəsmi) cümlələrdə əsas söz ardıcüllığı belədir – Subyekt (Mübtəda) – Obyekt (Tamamlıq) -VERB (Xəbər) (16. s.613).
Müasir talış dılinə yaxın olan gilan dilində də xəbər cümlə sonunda işlənir. “Xəbər cümlə sonunda möhkəm mövqe tutur, bunu bütün gətirilən nümunələr göstərir. Bununla belə, hər hansı sözün məntiqi və ya ekspressiv fərqləndirilməsi ilə bağlı inversiyası xəbərin cümlənin əvvəlinə də yerdəyişməsinə səbəb olur” (17. s.207).
Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, ümumiyyətlə Hind-Avropa dillərində, o cümlədən İran dillərində cümlədə söz sırası hələ lap qədimdən sərbəst olmuş, sonradan isə, hələ lap antik zamanlardan SOV – yəni Mübtəda – Tamamlıq – Xəbər konstruksiyasına doğru inkişaf etmiş və bu inkişafda həm ekstralinqvistik, həm də intralinqvistik amillərin rolu olmusdur. Doğrudur, bu sərbəstlik bəzi dillərdə, məsələn slavyan dillərində saxlanılsa da, İran dillərində, o cümlədən talış dilində SOV – yəni Mübtəda – Tamamlıq – Xəbər konstruksiyası bərqərar olmuşdur. Bununla yanaşı, məntiqi vurğu və ekspressivliklə əlaqədar olaraq talış dilində də, digər İran dillərində olduğu kimi, xəbər cümlənin sonunda işlənməyə də bilər.
Ədəbiyyat:
Nəgılon. Bakı. “MBM” MMC. 2004. 152 s.
Əsədullayev S. Dızd – tojəçi (Hekoyon iyəıı poveston). Bakı. 2001. 308 s.
Ədəbiyatə xristomatiya. Orta məktəbin V sinifi üçün dərslik. Bakı. Azərnəşr. 1937, 244 s.
Əhmədzadə Z., Ələkbərli Q. Tolışə zıvon. (Qrammatika iən nıvışte ğaydoıı). II sinif üçün dərslik. Bakı. Azərnəşr. 1937
Kərimov K.. Ağayev Y. Tolışə zıvon. III sinif üçün dərslik Bakı. Olaylar. 2006. 112 s.
Миллер Б. Талышские тексты. М.. 1930. 262 с.
Сəfərzadə М. Azərbaycan dilində dialekt sintaksisi. В.. Elm və təhsil. 2016. 380 s.
Миллер Б. Талышский язык. М.. Изд. Акад. Наук. 1953. 268 с.
Пирейко JI. Талышский язык / Основы Иранского языкознания Новоиранскне языки. Т. L М.. Наука. 1991. с.91-175
Пирейко JI. Талышско-русский словарь. М.. Русский язык. 1976. с.321-352
Соколов С. Язык Авесты / Основы Иранского языкознания. Древнеиранские языки. М . Наука. 1979. с.129-231
Соколов С. Древнеперсидскнй язык / Основы Иранского языкознания. Древнеиранские языки. М.. Наука. 1979. с.232-271
Д.Эделман «Иранские и славянские языки. Исторические отношения» М., Вост. Лит.. 2002. 230 с.
Sadıxzadə Ə. Talış dilinin qrammatikası (morfologiya və sintaksis). С.-Петербург. 2002. 132 s.
Rəcəbov Ə. Talışlar və talış dili. В.. BDU. 1994. 81 s.
Gemol Windfuhr. The Iranian languages. UK. Oxon. 2009. 948 p.
Гилянскнй язык. М.. Наука. 1971. 320 с.
Xülasə
Talış dilində söz sırası problemi son illər ciddi şəkıldə mübahisə mövzusuna çevrilmişdir. Buna səbəb yazılı forması olmayan bu dildə ədəbi dilin yaradılmasına ehtiyacın olmasıdır. Ədəbi dilə münasibətdə isə ziyalılar iki qrupa bölünürlər. Məqalədə müasir talış dilində söz sırasının hansı düzülüşdə olması məsələsi konkret misallarla şərh edilmişdir.
Rasim Arif oğlu Heydərov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik institutu, Monitorinq şöbəsinin aparıcı elmi işçisi
Məqalə: “Tolışon Sədo” qəzetinin 02 (95) (14 mart 2017) və 03 (96) (14 aprel 2017) saylarında dərc edilmişdir.
Sağ olun işinizə görə!
Bəyəntərəfindən bəyənildi 1 şəxs