“Talışa söz atırdılar: Talış, 12-dən sonra sənin başın işləyir?” – Mövlud Mövlud

Mərhum yazıçı Mövlud Mövlud “Talış” hekayəsində  Azərbaycanda Talışlara qarşı olan münasibəti və Talışlarda öz kökünə qarşı yaradılan nifrəti bədii incəliklə təsvir edib. Mövlud Mövlud 2017-ci il martın 16-da özünü 17-cı mərtəbədən ataraq intihar etmişdi. Onun “Talış” adlı hekayəsini təqdim edirik:

Siqaret çəkməyə düşmüşdüm. Həmişə qaradinməz gördüyüm iş yoldaşım yaxınlaşdı, alışqan istədi, gözünü bir nöqtəyə zilləyib, aşağıdakı əhvalatı danışdı. Əhvalat bitəndən sonra siqareti zibil qutusuna atdı, əlində oynatdığı alışqanımı mənə qaytarıb işə qayıtdı. Bütün bunları niyə mənə danışırdı? Bilmədim.

Dəniz qırağı. Atamın paltosu. Rəngbərəng qalstuku. Küləkli hava. O günlərdən yadımda ən çox bunlar qalıb.

Yay idi, atam kabab çəkmişdi, həyətdə stol açmışdıq. Həmişə açıq qoyduğumuz krantın suyu şırhaşır axırdı. Ərindən təzəcə boşanıb, müğənniliyə başlayan xalam evini təmir elətdirmək istədiyini dedi. Atam dedi mən sənin evini ikicə aya düzəldərəm. Xalamın ürəyi atlandı. Cırcırama səsi gəldi, üzüm yarpaqlarının arasından meh əsdi.

Atam götürdüyü işləri dediyi vaxtdan gec təhvil verirdi – çox gec. Bu adət ustaların hamısında var, ancaq onda lap çox idi. Hələ mən ibtidaidə oxuyanda bizim sinfi təmir edəcəyini deyib, sinif rəhbərimizdən əvvəlcədən pul almışdı. İş dərslər başlayana təhvil verilməliydi. Ancaq sentyabra kimi heç yarısı da görülüb qurtarmadı.

Müəllimənin sifəti yəqin ölüncə yadımdan çıxmaz. Əməlli qanqaralıq oldu. İş geri alındı. Müəllimə mənə də bir müddət qaş-qabaq elədi. Soruşaram, indi qabağıma çıxsa, deyərəm mən yazığın günahı nəydi, məni niyə pisikdirirdin o boyda uşağın içində? Yox, o müəlliməni bir də görməyəcəm. Bu gün məni incidən adamlar da beş ildən sonra qabağıma çıxmayacaq. Beləcə, mən öz suallarımı, içimdə o dünyaya aparacam.

Adamlarla üz-göz olmaq atamın vecinə olmurdu, deyirdi qanmırlar, mən işi yaxşı görmək istəyirəm, onlar deyir başından elə. Mən belə iş tutmaram, getsinlər, özlərinə başqa usta tapsınlar!

Ev düzələnə kimi xalam bizdə qalmalıydı. İki ay nədir ki? Atam işi tez qurtaracaqdı, o da çıxıb gedəcəkdi evinə-eşiyinə. Qohum nə üçündü bə?!

Gün ötdü, ay dolandı, evdən xəbər çıxmadı. Vaxtında düzəlmək nədi, vaxtından üç ay sonra da iş qurtarmaq bilmirdi. Kişi hər gün evə qayıdanda anamla xalam başının üstünü kəsdirirdi, o da lap acığa düşürdü.

Gərək belə eləməyəydi. Belə eləməyəydi gərək. Bizim yaşadığımız ev ana babamdan qalmışdı. Yəni həm də xala babamdan. Kişi bunu ya unudurdu, ya da unutmaq istəyirdi.

Bir gün gəldi ki, bəs deməzsənmi, o evdə işləmək istəmirəm. Açarı xalama tərəf tolazladı.

Xalam qəzəblə fınxırdı:

– Bu boyda pul tökmüşəm. Nə qədər pul istəmisən, vermişəm. Bundan sonra mən hara gedəcəm, pulu yerdən ha yığmıram? Onu qazanana kimi nə zülm çəkmişəm mən! Qabaqdan Məhərrəmlik gəlir, toy-zad da olmayacaq!

O, “Evim düzələnə kimi burdayam, – dedi, – dədəmin evində!” Anam bacısının tərəfini saxladı, nənəm rayondan zəng eləyib ultimatum verdi:

– Mənim evimdə oturub, qızımın da başına oyun açmaq istəyir?! Dalına ağac soxaram onun!

Atam tək qalmışdı. Bu dünyada ən yaxın sirdaşın – arvadının ondan üz döndərməsinə pisikmişdi. Dava-mərəkə uzun çəkdi, o, həyasız tayfayla (özü belə deyirdi) bacarmayacağını görüb, məni yanına çağırdı, bir əlcə uşağın eşitməyəcəyi sözlər dedi: “Bala, anangil məni evdən qovur, mən gedirəm bacımın evinə, məni bağışla!”

Düşünmədən dedim: “Mən də səninlə gələcəm!”

Atamla birlikdə Qaradağa getdik – bibimgilə. Bir müddət orda qalıb kirayəyə köçməliydik. Əhvalatı eşidib atamı görməyə gələn qohumlar əllərini kürəyimə şappıldadırdılar:

– Halal olsun, əsl kişisən!

Sonra onlar gedirdilər, bibimin əri işdən gəlirdi. Atam əlini cibinə salıb siqaret çıxarmaq istəyəndə deyirdi:

– Siqaret balkonda!

Tez-tez dəniz qırağına gedirdik. Atam həmişə üzünü səliqəylə qırxırdı, saçını darayıb, rəngbərənq qalstuk bağlayırdı, kostyum geyinirdi. Bu boyda həngamədə qalstuk bağlamaq həvəsini hardan tapırmış, bunun səbəbini heç vaxt ondan soruşmadım. İndi özüm də tıncıxanda ya ayaqqabımı təmizləyir, ya dırnağımı tuturam.

Bir də uzun paltosu vardı. Dənizdən əsən küləklər paltosunu yuxarı qaldırıb qalstukunu boynuna dolayırdı. Onun bu görkəmi məni lap darıxdırıb, ürəyimi sıxırdı. Rəssam olsam, məndən ümidsizliyin rəsmini çəkməyi istəsələr, sahildə üzü dənizə baxan ata-oğul çəkərəm: Kişinin paltosunu külək qaldırıb, qalstukunu boynuna dolayıb, uşaq qara, qalın papaqdadı. İkisi də başını aşağı salıb.

Qaradağda məni məktəbə yazdırdılar. Sinif yoldaşlarımdan ayrı düşdüm, təzələrə də öyrəşə bilmirdim. Dərslərimdə xeyli gerilədim. Müəllimlər də qıraqdan gəldiyimi, köçəri quş olduğumu bilib, çox bənd olmadılar. Tənəffüslərdə uşaqlar üç-üç, beş-beş dayanıb, söhbət eləyirdilər, bufetə birənti düşürdülər. Mən tək qalırdım. Bufetə gedəndə də uşaqların əlindən piştaxtaya yaxın düşmək olmurdu, növbə gəlib mənə çatanda zəng içəri vurulurdu, heç nə ala bilməyib tələm-tələsik sinifə qaçırdım.

Lənkəranlı sinif yoldaşımız vardı, “Talış” çağırırdılar. Dəli olurdu, cırnayırdı, deyirdi mən talış deyiləm, lənkərandan olanların hamısı talış olmur. Birinci gündən uşaqların içində qanım bircə ona qaynamışdı. O da mənimlə tez isnişdi. Bufetə bir gedib-gəldik. Ondan sonra mən də yeməyə nəsə ala bildim.

Talışa söz atırdılar. Hamının cavabını qaytarırdı, fəqət onun cavabına qulaq verən olmurdu:

– Talış, 12-dən sonra sənin başın işləyir?

– Mən talış deyiləm, ay bala, ay tupoy!

Deyirdim bircə onun cavabı kiməsə təsir eləsin, kimsə onunla dalaşsın, lap vurub burnunu qanatsınlar, amma fikir versinlər, cavabına qulaq assınlar.

İdman dərsində futbol oynamaq üçün ket gətirmişdik. Bölünəndə o, bizim komandaya düşdü. Sinif yoldaşlarımız yenə söz atırdılar, dostumun verdiyi cavablar məktəbin həyətindəki ağacların arasında itib-batırdı.

Ona yaxınlaşıb, sakitcə qulağına əyildim:

– Sənə bir söz deyəcəm, amma heç kimə demə!

– De! – Dostum həyəcanlandı. İlk dəfə idi ki, kimsə onunla sirr bölüşürdü.

– Mən futbolu çox yaxşı oynayıram. Bakıda futbola getmişəm.

Dostumun gözündə şimşək çaxdı. O, axırıncı dəfə nə vaxt belə sevinmişdi?

– Uy daaa, onda minəcik elə, bunları?!

– Hə!

Hələ də qanmıram, niyə üstünün beş-on dəqiqəyə açılacağını bilə-bilə elə yalan danışdım? Mən Bakıdakı məktəbdə futbolu ən pis oynayan uşaq deyildimmi? Məni həmişə qapıya qoymurdularmı?

Oyun başladı. Dostumun gözü məndə idi. İlk beş-on dəqiqə mənə gülə-gülə, ümidlə, oyunun ortalarında təəccüb və qəzəblə, sonlarında isə ümidsiz bir təəssüflə baxdı. Bizim komanda uduzdu: 6:0.

Zəng vurulan kimi Talış başımın üstünü kəsdi. Gözlərini bərəldib, az qala, bağırdı:

– Bə nooolduuu?!

Yazıq-yazıq boynumu burdum. Həmişə açıq qoyduğumuz krant yadıma düşdü. Ona niyə yalan danışdığımı başa düşə bilmirdim. Vəziyyətdən çıxmaq üçün daha bir yalan düzəltdim:

– Çoxdandı oynamırdım, qaqa. Bu dəfə alınmadı.

Oğlanın gözlərində təzə işıq yandı. Yumşaldığını görən kimi bir az da möhkəmləndim:

– Gələn dəfə gör neyləyəcəm bunları!

O, yenə bütün qəlbiylə inandı mənə.

Növbəti idman dərsinə kimi biz Bakıya qayıdası olduq. O da bir ayrı dəfə-daraq idi: Xalam Türkiyəyə konsertə gedib, çoxlu pulla qayıtmışdı. Başqa ustalar evi bircə ayın içində hazır eləmişdilər. Anam “mənsiz dayana bilmədiyinə, atama-bibimə uşaq etibar eləmədiyinə görə” bizi evə çağırmışdı.

Biz Bakıya tələsik qayıtdıq. Heç sinifdəki dostumla sağollaşa bilmədim. Və yəqin o, məni – üç aylıq sinif yoldaşını həmişəlik yaddan çıxardı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma