Obamanın təltif etdiyi Talış müəllim: Uşaqlara könüllü şəkildə dərs deyirdim

“Çalışıram ki, Azərbaycan haqqında amerikalılara daha çox məlumat verim”.

O Lənkəranda anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Amerikaya yollanıb. Amerikada uşaqlara könüllü şəkildə dərs deyib. Hətta bu xidmətinə görə ABŞ prezidenti Barak Obama həmyerlimizə Amerika xalqına etdiyi köməyə görə təşəkkür məktubu göndərib və onu medalla təltif edib.

17 yaşında 300 milyondan çox əhalisi olan bir ölkənin prezidentinin diqqətini çəkən və ondan təşəkkür alan həmyerlimiz Süleyman Hüseynzadənin “Kaspi” qəzetinə verdiyi müsahibəni ixtisarla təqdim edirik:

– Lənkərandan Amerikaya uzanan yoldan başlayaq.

– Biz məktəbdə oxuyan dövrlərdə xaricdə, xüsusən Amerikada təhsil hamının xəyalı idi. Bunun üçün imkanlar çox deyildi. 2008-ci ildə 11-ci sinifdə oxuyanda ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramı ilə tanış oldum və özümü sınamaq qərarına gəldim. İmtahan 3 mərhələdən ibarət idi. Birinci və ikinci mərhələlər ingilis dili imtahanı olsa da, üçüncü mərhələ psixoloji məqalələr və oyunlardan ibarət idi.

Bu proqramda bütün cənub regionundan şagirdlər iştirak edirdi. Sadəcə, 3 nəfər seçildi və mən 12-ci sinifdə oxumaq üçün heç bir azərbaycanlının yaşamadığı Montana ştatına göndərildim. Belə bir proqrama seçilmək və yüzlərlə şagirddən hansısa xüsusiyyətlərə görə fərqlənmək özümə inamımın güclənməsində əsas faktorlardan oldu.

– ABŞ-da kral seçilmisiniz. Necə oldu ki ABŞ-da azərbaycanlını kral kimi gördülər və seçdilər?

– Amerikada “Homecoming” deyilən bir ənənə var və bu ənənəyə əsasən, hər il şəhərdə oynayılan idman oyunları üçün kral və kraliça seçilir. Namizədlik başqası tərəfindən verilir və seçim şəhərdə yaşayanların səsverməsi ilə müəyyən olunur. Bir həftə “Homecoming” üçün hazırlıq gedir. Bu bir həftə ərzində müxtəlif tədbirlər keçirilir və tədbirlər zamanı namizədlər özlərini tanıtdırır.

Kral və kraliça isə həftə ərzində keçirilən Amerika futbolunda fasilə vaxtı stadionda elan olunur. Bütün namizədlər stadiona çağırılır və ən çox səs toplayan elan edilir. Nəticə elan olunanda çox təsirlənmişdim. Qısa bir zamanda amerikalıların mənə olan rəğbəti məni qürurlandırmışdı və çox sevincli idim. Elan olunduqdan sonra mənim üçün şəhərdə avtomobillərlə parad təşkil olundu və insanların məni küçələrə çıxaraq qarşılaması məndə təəccüb yaratmışdı. Bu, elə bir hissdir ki, sözlərlə ifadə edə bilmirəm.

– Necə oldu ki, könüllü dərs keçməyə qərar verdiniz?

– Amerikada yaşadığım 1 il müddətində vaxtımı maksimum səmərəli keçirməyə çalışırdım. Təhsilə və uşaqlara olan marağım məni uşaqlarla işləməyə sövq etdi. 7-13 yaşlı uşaqlara dərsdən sonra məktəbdə ev tapşırıqlarını etməyə kömək edirdim.

Həm oxuyub, həm də dərs keçmək çox maraqlıdır. Mənə görə, başqa cəmiyyətin düşüncə tərzini anlamaq üçün uşaqlarla işləmək vacibdir. Amerika uşaqları Amerika cəmiyyətini anlamamla yanaşı, həyatımda əvəz olunmayacaq təcrübə qazanmağıma yardımçı oldular.

– ABŞ prezidenti Barak Obamanın sizi medalla təltif etdiyi günü necə xatırlayırsınız?

– Amerikada amerikalı uşaqlara könüllü şəkildə dərs keçdiyim üçün Barak Obama mənə bu medalı göndərəndə həyatın bir sinerji olduğunu anladım. Məktubunda Amerika xalqına etdiyim köməyə görə təşəkkür etmişdi. 300 milyondan çox əhalisi olan ABŞ-ın prezidenti Barak Obamanın 17 yaşlı bir azərbaycanlıya diqqət göstərməsi çox təsirləndirici bir hal idi.
Bu hadisə hədəflərimdə və həyatımda olan bütün tərəddüdləri yox etdi.

– Amerikada bizi necə tanıyırlar? Xüsusilə orta məktəblərdə?

– Amerika cəmiyyəti başqa ölkələr haqqında çox da məlumatlı deyil. Ərazisinə görə Amerkanın ən böyük ştatında heç bir azərbaycanlının yaşamaması Azərbaycan haqqında heç bir məlumat olmamasının səbəblərindən biri idi. Montanada yaşadığım müddətdə bacardığım qədər çalışırdım ki, Azərbaycan haqqında amerikalılara daha çox məlumat verim.
Bunun üçün məktəbin zalında şagirdlər üçün təqdimatlar da keçirirdim. Bundan başqa, dərs keçdiyim uşaqlar demək olar bir xarici vətəndaşın Azərbaycan haqqında öyrənə biləcəyi çox şeyi öyrənmişdilər. Bu, həm mənə, həm də onlara maraqlı idi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma