Azərbaycandakı iqtidar məlum, amma Vətəndaş Cəmiyyətinin yarısı, xüsusilə müxalifətin əksəriyyəti aşağı yuxarı Ata Abdullayevlə eyni düşüncədədir. Sadəcə danışdıqlarına yön, bəzək verə bilirlər Atadan fərqli olaraq.
Bir həftə öncə Erkin Qədirli İtv-də Erməni soyqırımı ilə bağlı çıxışında ermənilərin kütləvi qətlinə haqq qazandıraraq demişdi ki, Osmanlı-Rusiya müharibəsində ermənilər türklərə satqınlıq edib. Ardınca da dedi ki, “Dünyaya ha göstərəsən ki, Azərbaycanda etnik azlıqlar heç bir problemsiz yaşayır, bunu görmək istəmirlər”. Videoya 3 dəfə təkrar baxdım ki, bəlkə mən səhv eşidirəm. Çünki çox yox, cəmi 3 il öncə elə Qədirlinin özündən belə bir cümlə eşitmişdim: “Qarabağ hüquqi olaraq bizim olsa da, Azərbaycanda insan haqları sahəsində pozuntulara görə bu məsələ düyünə düşür. Əsas şübhə də budur ki, öz vətəndaşına qarşı bu cür hörmətsizlik edən hakimiyyət ermənilərlə hüquqi davranacaqmı?”
Amma 3 il sonra ondan taman fərqli fikirlər eşitdik, özü də dövlət kanalında. Qədirli Əliyevin ağzı rolunu oynayırdı. Real-ın rəsmi youtube səhifəsi də bunu utanmadan yayımlayıb.
Tək problem Qədirli olsa dərd yara. AXCP mitinq təşkil edəndən sonra Əli Kərimli gördüyü işgəncələrlə bağlı çıxış etdi və belə bir cümlə işlətdi: “Özümü erməni əsirliyində hiss etdim”. Bunu sadə vətəndaş desə normaldır. Lakin bunu Azərbaycanda ən böyük müxalif partiyanın lideri, Qarabağ danışıqlarında fəal olmaqda mükəlləf olan, ermənilərlə dialoqdan çəkinməməli olan insan deyir. Əvvəllər də AXCP, Müsavatın belə ritorikasın görmüşük. “Hakimiyyətdəkilər ermənidir, kürddür, talışdır”, yaxud da “Kürd polisi bizi döydü”, “Nəcməddin Sadıqov ləzgi olduğuna görə ruslara satılıb” və bu kimi cəfəngiyyatları müxalifət açıq və gizli müzakirələrdə 20 ildi təkrarlayırlar. Başa düşmürlər ki, kiminsə yanlış hərəkətinə görə bütün millət məsuliyyət daşımır. Həmçinin nədənsə biz bunu hakimiyyətdəki azərbaycanlılar barədə eşitmirik.
Yaxud da Azərbaycanın Qht nümayəndələri, jurnalistləri tez tez deyir ki, “Hakimiyyət Qarabağa yüksək status verməyə hazırdır”. Tutalım ki, status verildi. Bəs bu statusun tətbiqi necə olacaq? Elə o hakimiyyət deyil ki, hər gün öz insanlarını tutub döyür, öldürür? Azərbaycanda etnik azlıqların hansı statusu var ki, ermənilər də buna inansın? Özüm son iki ayda Talış bölgəsinə “Cənub bölgəsi” deyən Qht nümayəndələri, jurnalistlərə bir-bir yazıram ki, necə Qarabağı, Naxçıvanı, Abşeronu öz adı ilə çağırırsan, bu bölgənin də öz adı var. Niyə Cənub yazırsan? Cavab da adətən gülüşlə, “İşin-gücün qurtarıb?” kimi cümlə ilə, bəzən isə “separatçı”, “faşist” kimi damğalanma ilə bitir. Salam verdiyim, bir yerdə çörək kəsdiyim insanlar, Azərbaycanın sivil cəmiyyət nümayəndələri burdan bura mənim mədəniyyətimə, xalqıma, onun adına hörmət qoymur. İndi inanaq ki, ermənilərə edəcək?
İzah edin, sırf bu məsələdə nədir sizin Ata Abdullayevdən düşüncə fərqiniz?