Uzunömürlülər məkanı Lerik – CNN kanalı Talış dağlarında “həyat iksiri”ni axtarıb

Dünyada vətəndaşlarının uzunömürlülüyü ilə məşhur olan bir çox ölkə var. Məsələn, Yaponiyanın Okinava bölgəsi. Bu bölgəni tətta “Ölümsüzlər yurdu” da adlandırırlar. İtaliyanın Kampodimele bölgəsi isə “Əbədilik kəndi” kimi tanınır. Burada yaşayan insanların uzun ömürlü olmasının səbəbi Aralıq dənizi pəhrizidir. Kaliforniya ştatında yerləşən Loma-Linda şəhərindəki “Yeddinci günün adventistləri” icmasının üzvlərisə təmiz həyatın bəhrəsini görür.

Uzunömürlülərin yaşadığı bir məkan da var ki, onun adını bəlkə də eşitməmisiniz. Burada Uzunömürlülər Muzeyi belə, var. Söhbət Azərbaycanın cənubunda yerləşən Lerik şəhərindən gedir.

Cənubi Qafqazda Lənkəran və Dağlıq Qarabağ regionu daxil olmaqla, bir neçə bölgə insanlarının 100 ildən çox yaşaması ilə tanınır. Lerikdə uzunömürlülərin sayı daha çoxdur.

Talış dağlarının əhatəsində, dağın buludlarından belə, yüksəkdə yerləşən Lerikdə insanlar uzun və sağlam həyatın sirrini tapıb. Onlara yetişmək üçün uzun-uzadı aşırımları aşmaq lazım gəlir.

Uzunömürlülər Muzeyi

İki otaqdan ibarət Lerik Uzunömürlülər Muzeyi 1991-ci ildə yaradılıb. 2010-cu ildə o, bərpa olunub. Muzeydə uzunö mürlü insanlarla bağlı iki mindən çox eksponat saxlanınılır. Eksponatlarda regionun uzun ömürlü sakinlərinin xatirələri və həyat hekayələri əks olunub. Muzeydə onların həyat boyu istifadə etdikləri əşyalar da nümayiş etdirilir. Əşyalar həmin insanların həyatının ən müxtəlif dövrlərini əks etdirir. Məsələn, bir sakin həyatı boyu 3 növ ütüdən istifadə edib. Muzeydə yaylıqlar, köynəklər, gümüşü dolçalar və kasalar, həmçinin əllə toxunmuş gözəl corablar, xalça ilə dolu sandıqlar da var. Əşyalar kifayət qədər təzə qalıb.

Muzeydə Azərbaycan və rus dillərində yazılmış məktublar da saxlanılır. Bu şəxsi məktublar o qədər qədimdir ki, artıq onların mürəkkəbi itməyə başlayıb.

Muzeyin ən füsunkar xüsusiyyəti isə güman ki, uzun ömür yaşamış şəxslərin fotolarıdır. Muzeyin divarlarını bu fotolar bəzəyir. Tarixi 1930-cu illərədək uzanan şəkillərin bəzilərini fransız fotoqraf Frederik Laçop ərsəyə gətirib.

Muzey və Azərbaycanın rəsmi statistikası uzunömürlülərin sayını asanlıqla ortaya qoyur: siyahıya 90 yaşdan yuxarı insanlar düşür. Amma hələ 1991-ci ildə Lerikdə yaşı 100-dən çox olan 200-dən artıq sakin qeydə alınıbmış. Həmin vaxt Lerikdə 63 min nəfər yaşayırdı.

Lakin o vaxtdan bu yana uzunömürlülərin sayında azalma müşahidə olunur. Yerli sakinlər bunu telekommunikasiya qüllələrinin yaydığı radiasiya və ekologiyanın korlanması ilə əlaqələndirir.

Bu gün əhalisi 83 min 800 nəfər olan Lerikdə yaşı 100-ü ötmüş 11 sakin yaşayır. Lerikin ən yaşlı sakini Raci İbrahimovdur. Onun 105 yaşı var. Bu, kifayət qədər yaxşı göstəricidir. Lakin deyilənə görə, bir zamanlar Lerikdə yaşamış çoban Şirəli Müslümov 168 il ömür sürüb. Başqa sözlə, Raci İbrahimov onun kölgəsində qalır.

Şirəli Müslümovun şəxsiyyət vəsiqəsinin artıq saralmış vərəqlərində onun 1805-ci ildə anadan olduğu, 1973-cü ildə vəfat etdiyi yazılıb. Əgər bu doğrudursa, Şirəli Müslümov indiyədək yaşamış ən uzun ömürlü insandır. Təəssüf ki, 19-cu əsrin əvvəllərində onun anadan olduğu Barzavu kəndi daxil olmaqla, Azərbaycanın bir çox ucqar bölgəsində insanların doğum qeydiyyatı demək olar ki, aparılmayıb. Lakin müxtəlif illərdə ona dünyanın müxtəlif yerlərindən göndərilmiş saysız-hesabsız məktublar Şirəli Müslümovun həqiqətən çox uzun yaşadığına şübhə yeri qoymur. Onun yaşı göstəriləndən ən pis halda 20 il az ola bilər.

Şirəli Müslümova… Vyetnamın kommunist lideri Ho Şi Min də açıqca göndəribmiş. Orada Şirəli Müslümova “Əziz baba” deyə xitab olunur.

Görünür, uzunömürlülük Müslümovun gedinəndir. Hər halda, onun qızı Həlimə Qəmbərovanın 95 yaşı var. “Ola bilsin ki, atam kimi 168 il yaşamayacağam. Amma babam kimi 150, yaxud xalam kimi 130 il yaşayacağıma ümid edirəm”, – deyə o, “CNN”ə bildirib.

“Ruhun dincliyi”

Lerikdə yaşayan uzunömürlülərin əksəriyyəti havalar soyuqduqdan sonra Lənkəranın sahil ərazilərinə köçür. Bu bölgədə hava daha mülayim olur. “CNN” Qəmbərovanın atasının ikimərtəbəli, alma və armud ağacları ilə əhatə olunan sadə evini ziyarət edən zaman o, hələ Lerikin Barzavu kəndində idi. Həlimə şala bürünərək, pəncərənin qarşısında oturmuşdu. Qəmbərova Azərbaycan dilində xüsusi ləhcə ilə danışır. Söhbət zamanı tez-tez talış dilinə də keçirdi. Hazırda dünyada bu dildə 200 min insan danışır.

Həlimə Qəmbərova bizə şəxsiyyət vəsiqəsini göstərir. Orada qadının nə doğuldu gün, nə də ay yazılıb. Şəxsiyyət vəsiqəsində yalnız onun dünyaya 1924-cü ildə gəldiyi göstərilir. Yaşı 95 olsa da, nəvələrilə gümrahcasına söhbət edir, hətta zarafatlaşır. Həlimə Qəmbərovadan neçə yaşında olduğunu soruşuruq. Gülümsəyərək cavab verir: “15!”.

“Onların sirlərindən biri ruhun dincliyidir. Bu insanlar stresdən uzaq olur, həyat haqda fəlsəfi düşünürlər. Onlar gələcəkdən narahat deyillər. Ümimiyyətlə, gələcəyi planlaşdırmırlar”, – deyə muzeyin bələdçisi bildirir.

Sağlam qidalanma və təbii dərmanlar

Qəmbərova günəş çıxar-çıxmaz yuxudan oyanır. Ümumiyyətlə, o, çox yatmır: “Gözlərim açılan kimi yataqdan qalxıram”. Bundan sonra qadın bütün günü bağda, həyətdə iş görür. Onun balaca otağının döşəməsində qalın, yumşaq xalça və yastıqlar düzülüb. Bu bölgədə yaşayan insanların əksəriyyəti yerdə yatmağa üstünlük verir. Üstəlik, onlar matrasın deyil, nazik yorğanın üzərində yatır. Hesab edilir ki, bu, belin dincəlməsi üçün ən yaxşı üsuldur.

Bəziləri düçünür ki, uzunömürlülər ət yemir. Amma Lerikdə belə deyil. Onlar kifatət qədər ət yeməyi yeyir. Lakin daha çox təzə südə və süd məhsullarına üstünlük verirlər: şor, kərə yağı, süd, ayran və s. Deyirlər ki, keçmişdə yaşamış uzunömürlülər ət yeməklərini daha çox maddi vəziyyətləri üzündən yeyə bilmirmiş.

Qəmbərovanın gəlini bağdan yığdığı alma, armudla gəlir. Bir azdan süfrəyə ətirli çayı da verir.

Buradan muzeyə qayıdırıq. Bələdçi mənə bir masa göstərir. Masa Lerikdə yetişən bitkilərlə doludur. “Uzunömürlülüyün sirri düzgün qidalanmada, içdiyimiz mineral sularda, xəstələnməmək üçün çayımıza əlavə etdiyimiz bitkilərdədir. Başqa sözlə, burada insanlar təbii dərman içir”, – deyə bələdçi bildirir.

Yeri gəlmişkən, Qəmbərova indiyədək dərman içmədiyini deyir.

Çiyin-çiyinə yaşayan nəsillər

Kənardan elə görünə bilər ki, bu kənddə həyat çox sakitdir. Amma kəndçilər hər gün fiziki işlə məşğul olur. Onlar günəş çıxandan batana qədər bağlarda, tarlalarda, həyətlərində iş görür. Qadınlar isə daha çox tikir, toxuyur, böyük ailələrinin qayğısına qalır.

Belə kəndçilərdən biri Cəngəmiran kəndinin 103 yaşlı sakini Məmmədxan Abbasovdur. Biz onun evinə gələn zaman Məmmədxan Abbasov pəncərənin qarşısında, xalçanın üzərində əyləşmişdi. O, görmə qabiliyyətini demək olar ki, itirib, üstəlik, çox çətinliklə eşidir. Oğlu ona qonaqların gəldiyini deyir. Məmmədxan Abbasov dua oxumağa, xeyir-dua verməyə başlayır. Qəmbərova kimi, Abbasov da bütün həyatı boyu kənd təsərrüfatı ilə məşğul olub. O, 7 yaşından görmə qabiliyyətini pisləşənə qədər davamlı olaraq tarlada işləyib.

“Allah verəndən”

“O, hər zaman yaxşı insan olub və düzgün həyat yaşayıb”, – deyə oğlu bildirir. Onun sözlərinə görə, atası “Allah verən” bütün qidaları yeyib və yeyir. Amma spirtli içki içməyib.

Abbasov hesab edir ki, uzunömürlülüyünün səbəbi gündəlik fiziki işdir. Əlbəttə ki, söhbət əldən düşənə qədər işləməkdən deyil, bədəni lazım olan qədər yükləməkdən gedir.

Abbasov ömrü boyu kənd təsərrüfatı məhsullarından istifadə edib, başqa sözlə, sağlam qidalanıb. Bununla yanaşı, o, daim buz kimi bulaq suyu içib. Hesab edilir ki, bulaq suyu da uzunömürlülüyün sirridir.

Yeri gəlmişkən, dağlıq bölgələrdə yaşamağın özu, uzunömürlülüyün sirlərindən biri ola bilər. İspaniyada yerləşən Navarra Universitetinin 2017-ci ildə keçirdiyi araşdırmaya əsasən, dağlı bölgədə yaşamaq ürək xəstəliklərinə, insulta və diabetə tutulmaq riskini azaldır. Kolorado Denver Universitetinin 2011-ci ildə keçirdiyi araşdırma zamanı da məlum olub ki, dağlıq bölgələrdə məskunlaşmış insanlar daha çox yaşayır.

Doğrudur, bəzi məşhur uzunömürlülərin yaşı ilə bağlı məlumatlar indiyədək mübahisəlidir. Amma bu gün Lerikdə belə insanların irsi davam etdirilir. Buradakı uzunömürlülərin sirri sadədir: fiziki fəallıq, sağlam qida, çoxlu su içmək və… həyata baxış. Onların şüarı da konkretdir: həyatda bir dəfə yaşayırıq, doğru yaşamaq lazımdır!

(İngilis dilindən tərcümə – WorldMedia)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma