Fəxrəddin Abbasovdan 40 gündür xəbər yoxdur

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 16 illik həbsə məhkum edilmiş talış milli fəalı Fəxrəddin Abbasovun bir aydan çoxdur ki, xəbər yoxdur.

Abbasovun qardaşı bildirir ki, onunla son dəfə martın 12-də əlaqə saxlaya bilib. Bundan sonra isə onunla əlaqə mümkün olmayıb.

“Məhkəmədən sonra onu DTX-nın saxlama yerindən Kürdəxanıya göndərdilər. Amma bizə bu haqda Qırmızı Xaç xəbər verdi. Daha sonra isə ümumiyyətlə onun haqqında bir məlumat yoxdur. Nə zəng var, nə də görüş. Mən sadəcə onun taleyindən narahatam. Heç olmasa bir telefon zəngi olsa ürəyim rahatlaşar ki, hər şey yaxşıdır”. – deyə Fəxərddin Abbasovun qardaşı Araz Abbasov narahatlığını bildirir.

Fəxrəddin Abbasovun hüquqlarının müdafiəsi ilə məşğul olan hüquq müdafiəçisi Oqtay Əsgərov isə deyir ki, Abbasov saxlanıldıqdan sonra onunla bir-neçə dəfə görüşüb və telefon əlaqəsi yaradıb. Lakin martın 12-dən sonra ondan xəbər çıxmayıb:

“Açığını deyim ki, əvvəllər elə bir işgəncə halına şahid olmadıq. Çünki onunla görüşəndə bədənini açıb göstərdi ki, hər şey yaxşıdır. Amma telefonla danışanda həmişə hiss olunurdu ki, kimsə ona çox danışmağa maneə olur. Ancaq məişət söhbətləri edə bilirdik. Məhkəmə zamanı da onun son sözü məndə narahatçılıq yaratdı. O demişdi ki, “Mənə dəfələrlə yaxınlarım bildirib ki, ritorikavı dəyiş. Mənim başıma gələnlər sizin də başınıza gəlsəydi məndən on qat artığını edərdiz”. Bu sözləri nə mənada dediyini bilmirəm, amma məhkəmədən sonra ondan xəbər ala bilməməyimiz ciddi narahatçılıq yaradır”.

Əsgərov həmçinin məhkəmənin həddən artıq ağır iş kəsdiyini, vəkillərə təziqlər olduğunu deyir:

“İndiyənə qədər 3 vəkil dəyişmişik. İlk vəkil mənə açıq şəkildə dedi ki, belə təziq altında işləyə bilmir. İkinci vəkildə də eyni vəziyyət oldu. Hazırda üçüncü vəkillə birlikdə işləyirik. Həmçinin Rusiyada bir-neçə vəkil var ki, Fəxrəddin Abbasovu müdafiə etmək istəyir. Bunun üçün Abbasovun imzası lazımdır. İlk dəfə bu təklif ona ediləndə ona bu sənəd haqda ilk vəkili yanlış məlumat vermişdi. Ona görə də o xaiş etdi ki, həmin sənəd ikinci dəfə göndərilsin. Lakin bundan sonra onunla əlaqə tamam kəsildi”.

“Buna baxmayaraq ilk vəkil sübut etmişdi ki, Fəxrəddin Abbasov məhkəmədən gətiriləndən sonra heç bir məhkəmə qərarı olmadan 38 gün saxlanılıb. Onlar onu 14 iyul, 2018-ci il Yasamal rayonunun verdiyi qərarla saxlayıblar. Amma bu qərar qanunsuz idi. Çünki həmin qərarla Abbasov 2018-ci il 6 sentyabrda Rusiyada saxlanılıb və 6 ay tədqiqat gedib. Təqdqiqatdan sonra Rusiya Baş Prakurorluğu qərar verib ki, onun ekstradisiyası üçün heç bir səbəb yoxdur. Bundan sonra azadlığa buraxılması haqqında qərar verilib. Ardınca vəkilin iştirakı olmadan onu birbaşa Miqrasiya məhkəməsinə aparıblar. Miqrasia məhkəməsi isə onun deportasiya edilməsi haqqında qərar verib. Qərardan dərhal sonra onu hava limanına apararaq Azərbaycan nümayəndələrinə təhvil veriblər. Amma qanunla Abbasov 5 gün sonra pul verərək azadlığa çıxa bilər, yaxud da 10 gün ərzində appeliyasiya şikayəti edə bilərdi. Lakin bunun üçün ona heç bir şans verilməyib. Daha sonra isə Moskva şəhər məhkəməsi həmin qərarın qanunsuz olduğu haqda qərar qəbul edib. Lakin bu zaman Abbasov artıq Bakıya təhvil verilmişdi”. – deyə Əsgərov izah edir.

Məsələ ilə bağlı Ombusman Aparatından bildirilib ki, Fəxrəddin Abbasovun vəziyyəti yaxşıdır. Abbasovun nəyə görə yaxınları ilə əlaqə yarada bilməməsinə cavab isə qısa olub: “Bu bizə aid məsələ deyil”

1993-cü ildə Talış Muğam Muxtar Respublikasının təsisçilərindən biri olmuş Fəxrəddin Abbasov 16 il azadlıqdan məhrum edilib.

Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə çıxardılmış hökmə əsasən, Abbasov Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, vətənə xəyanət və milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər maddələrilə təqsirli bilinib.
Rusiyada yaşamış Abbasov ötən il fevralın 28-də Bakıya deportasiya edilib və gətirilərkən Bakıda hava limanında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunub. Bundan iki gün əvvəl onun Rusiyada yaşama müddətinin bitməsi ilə əlaqədar saxlayıblar.

Rusiyadakı vəkili mediaya açıqlamasında bildirmişdi ki, fevralın 26-da təcridxanaya salınan Abbasov 27-də oradan yoxa çıxıb, 28-də isə artıq Bakıda olması barədə məlumat alıblar.

2019-cu il martın 7-də Amnesty İnternational təşkilatı Avropa Şurası Nazirlər Kabinetinə göndərdiyi məktubda həbsin beynəlxalq qaydalara zidd olduğunu bildirib.

Amnesty İnternational təşkilatı 2019-cu ilə aid yaydığı illik hesabatında Abbaszadənin həbsini qanunsuz adlandırıb və bununla bağlı Azərbaycan və Rusiyaya iradlarını bildirib.

2016-cı ildə Fəxrəddin Abbasovun yazdığı Talışca-Azərbaycanca lüğət kitablarının satışına görə folklorşünas İradə Məlikova və jurnalist Vüqar Mustafayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılmışdı.

Abbasov talışlar haqqında bir sıra elmi məqalələrin müəllifidir. Həmçinin talış dilinin ən güclü tədqiqatçılarından biri hesab olunur. Talışca-Azərbaycanca, Talışca-Rusca, Talışca-İngiliscə lüğətlərinin, Talış dilinin Qrammatikası kitabının müəllifidir.

Bir şərh yazın