Türkiyə və türk dili Azərbaycanın müstəqilliyinə təhlükədir

Azərbaycanda ictimai fəallar rusdilliləri tənqid edib Polşa, Ukrayna və Baltikyani ölkələrdən nümunə gətirəndə gülməyim gəlir.


‌İlk növbədə ona görə ki, Azərbaycanla Baltikyani ölkələri bu cür müqayisə etmək mümkün deyil. Onlar özləri öz milli və mədəni quruculuqlarında iştirak ediblər. Azərbaycan və Orta Asiya ölkələrində isə mədəni quruculuqda İran, mədəni, elmi və milli quruculuqda isə Rusiya İmperiyası və Sovetlər Birliyi iştirak edib. Həmçinin Azərbaycan coğrafiyasında Bizans və digər Anatoliya mədəniyyətlərinin də ciddi təsiri var.

İkinci səbəb isə odur ki, bu gün Azərbaycan hakimiyyətində olan və cinayət işlərində əli olanların əksəriyyəti Naxçıvan, Gəncə, Qazax-Borçalı, Ermənistandan gəlmiş, Qarabağdan məcburi köçkün düşmüş türkdilli insanlardır. Yəni bu insanlar nə Rusiya, nə rusdillilər, nə də rus mədəniyyəti ilə uzaqdan yaxından əlaqəli deyillər.

Bəzən bunu hakimiyyətdəkilərin rusdilli olması ilə əlaqələndirirlər. Amma diqqətlə baxsaq onların nəyə görə özlərini rusdilli kimi göstərdiyini görə bilərik. Azərbaycanda hakimiyyətə təhlükə olan 4 güclü ideoloji hərəkat var: Şiə birliyi, Talış Milli Hərəkatı, Ləzgi Milli Hərəkatı, Sol hərəkatlar. Bu səpkidə hakimiyyət rahatlıqla repressiya edə bilir və təhlükəni ertələyir.

Həmçinin rusdillilər ideoloji hərəkat olmasa da, siyasi və ictimai hadisələrə təsir edə biləcək ciddi qüvvədirlər. Hakimiyyət isə bu qüvvəni asanlıqla məhv edə bilməz. Çünki Rusiya bu qüvvəyə qarant durur. Bu halda isə hakimiyyətin əsas məqsədi özünü rusdilli elita kimi göstərməkdən ibarətdir. Bu həm rusdilli cəmiyyətdə liderlərin yetişməsini önləyir, həm də Əliyev bunu Rusiyaya hörmət kimi sırıyır. Digər tərəfdən isə xüsusi xidmət orqanları müxtəlif nüfuzlu şəxslər vasitəsilə görüntü yaratmağa çalışır ki, güya ölkədə pis nə baş verirsə hakimiyyətdəki rusdillilər, kürdlər və ermənilər edir. Bu konspralogialar panmillətçi sinifin də işinə yarayır.

Amma faktlara baxmaq kifayətdir ki, həqiqəti qavrayaq. Elə “Rusdilli” dediyiniz Əliyevin prezident seçiləndən sonra hərəkətlərinə baxaq:

1) Qəbələ Rls-dən Rusiya bazası çıxarıldı

2) Ölkədə Rusiya kanallarının açıq yayımı dayandırıldı.

3) Rusdilli jurnalist Elmar Hüseynov öldürüldü

4) Azərbaycanda rusdillilərə qarşı kütləvi basqılar başladı və rusdillilərin sayı faiz nisbətində azalmağa doğru getdi.

5) Hökümətdən qidalanan mediada rusafobia genişləndi.

Əvəzində:

1) Əliyev Türkdilli ölkələrin birliyini təsis etdi və əsas donoru oldu.

2) Əliyevin təşəbbüsü ilə ortaq türk televiziyası yaradıldı.

3) Azərbaycanda “Ortaq türk tarixi” dərsliyi buraxıldı.

4) Ölkənin yeganə talışşünas alimi Novruzəli Məmmədov və 2 oğlu öldürüldü.

5) Əliyevin dövlət büdcəsindən ayırdığı pulla çəkilən filmlərdə, yazılan kitablarda Türkiyə və türkçülüyə rəğbət, erməni, rus, fars və gürcülərə qarşı nifrət və ölkələrinə ərazi iddiaları oldu.

6) Talış professor Hilal Məmmədov rus və talış dillərində MDB məkanında trend olmuş meyxanaya görə həbs edildi.

7) Qənirə Paşayeva, Sabir Rüstəmxanlı kimi bir çox deputatlar, dövlət şəxsləri türkçülüyün aktiv təbliğatına başladı

8) Ölkədə Türkiyə kanallarının, seriallarının geniş təbliği üçün dövlət mediası dəstək verdi.

Bəli, faktlar göstərir ki, əgər məsələyə ölkə, milli və dil prizmasından baxsaq, problem Rusiya, ruslar, rusdillilər yox, əksinə Türkiyə, türklər və türkdillilərdən qaynaqlanır.

Bu məsələnin siyasi tərəfi idi. Bir də məsələnin hüquqi tərəfi də var.
Əksər vaxtlarda ictimai fəallar çox gülünc bir arqument səsləndirir: “Ölkədə ancaq dövlət dili tədris olunmalıdır”.

Əvvəla deyim ki, Azərbaycan Respublikası heç zaman şəffaf səsvermə və xalqın rəyinə görə hərəkət etməyib. Bu o deməkdir ki, bu ölkənin adından tutmuş dövlət dilinin qəbuluna qədər bütün hallar xalqın qərarı sayıla bilməz. Bu qərarları qəbul edənlərin xalq seçməyib, həmçinin bu qərarları dəyişmək üçün xalqın əlində heç bir hüquqi təsir olmayıb. Buna görə də Azərbaycan dilinin dövlət dili olması hüquqi cəhətdən xalqın qərarı sayıla bilməz.

Bununla belə Azərbaycanın yerli qanunları və imzaladığı konvensiyalar məcbur edir ki, dövlət ölkədəki yerli xalqların və köklü icmaların dilində təhsil versin.

Qanunları da qoyuram bir kənara. Əgər bir rusdilli bu ölkədə vergi verirsə, ölkənin quruculuğunda iştirak edirsə, hərbi xidmətdə 18 ay pulsuz xidmət edirsə xeyir ola onun üçün dövlət ayrı dildə məktəb verməlidir? Bəyəm ölkədəki bu qədər rusdilli, talış, ləzgi və s. insanların türkdillilərə borcu var? Yaxud nədəsə onlardan əksikdirlər?

Yan mövzu olaraq onu da deyim ki, adətən bu mövzuda canfəşanlıq edənlər sonra da gedib utanmadan İranı qınayır ki, ordakı azərilərə niyə öz dilində təhsil vermirsiz. Adam gərək hərdən özünə hörmət etmək üçün də vaxt ayırsın.

Digər əfsanələrdən biri də milli təhlükə məsələsidir. Burada da əsasən Ukrayna və Polşadan götürülüb sistemsiz şəkildə bəzədilmiş yalan görürük. Güya Rusiya ölkəni dillə işğal edəcəkmiş.

Tarixə baxaq. Rusiya İmperiyası Qafqaza gələnə qədər burada əsas dillər Qafqaz və İran dilləri olub. Rusiya İranın təsirini azaltmaq, Qafqaz xalqlarının milli müqavimətini qırmaq üçün isə tatarlaşdırma, daha sonra türkləşdirmə siyasəti yürütdü. Bununla da türk dili Qafqazda əsas dilə çevrildi.

Sovet dövründə isə 37-ci ildən başlayaraq ümumiyyətlə ölkədə bütün dillərin tədrisi dayandırıldı. Türk və rus dilləri isə əsas dilə çevrildi. Məşhur deyimdə olduğu kimi, “Nə yoğurdum, nə yapdım,hazırca kökə tapdım”.

Hələ əfsanələr də uydurulur ki, güya Rusiya və Sovetlər türk dilini məhv etmək istəyirmiş. Əgər türk dili 60 il ərzində Azərbaycan SSRİ-nin rus dili ilə bərabər rəsmi dil elan edilərək məhv edilibsə, çox xaiş edirəm, belə “məhvetmə” ni talış və ləzgi dilləri üçün də edin.

Deyək ki, bunlar tarixdir,keçmişdə qalıb. O zaman keçək bugünkü günə.

1) Rusiyanın Dağıstan bölgəsində rəsmi şəkildə azərbaycan dilində təhsil almaq mümkündür.

2) Rusiyadakı əksər türkdilli xalqlar öz dillərində təhsil ala bilir, televiziya və qəzeti var.

3) Rusiya tərkibində ən çox türkdilli muxtar respublikanın olduğu ölkədir.

Həmçinin bu ölkələrin milli quruculuğunda özü birbaşa iştirak edib və yaradıb. Bu dövlətlərin operasından tutmuş nağıllarına qədər tatar, yakut dilində, mədəniyyətində olmasına kömək edib.

Bəli, bütün bunlar hazırkı zamanda baş verir. Faktlar göstərir ki, Rusiyanın türk düşməni olması da növbəti konspralogiadır.
Daha da irəli gedib deyim ki, əgər Rusiya və Sovetlər olmasaydı biz bu gün ya fars, ya da ingiliscə danışcaqdıq. Azərbaycan dili adlı bir anlayış olmayacaqdı və siz bu statusun yerinə də başqa bir dildə, ayrı bir mövzu görəcəkdiz.

Digər tərəfdən isə Ukrayna-Rusiya, Polşa-Rusiya müqayisəsi aparanda diqqəttli olaq. Ukraynalılar və polşalılar ruslara həm dil, həm etnik, həm din, həm də mədəni cəhətdən çox yaxındırlar. Bu da onlar üçün təhlükədir.

Bəs Rusiya bizə hansı cəhətdən yaxındır? Nə din, nə etnik, nə dil, nə də mədəniyyət. Əgər belə bir təhlükə olsaydı, son 3 əsrdə Rusiya və Sovet tərkibində olduğumuz zaman bu məsələ həll olunar, hamı Rusca danışardı.

Qafqazlıların tarixi proseslərdən dolayı həm Rusiya, həm də İrana qarşı güclü immuniteti var. Amma Türkiyə məsələsində söhbət dəyişir. Ukrayna üçün Rusiya nədirsə, Azərbaycan üçün də Türkiyə eyni şeydir. Əgər biz mövzuya Ukrayna, Polşa müstəvisində baxırıqsa bizim üçün Türkiyə təhlükəlidir. Çünki dil, din, mədəni yaxınlıq var. Həmçinin Rusiya Ukraynadan böyük olduğu kimi, Türkiyə də bizi diri diri yeyəcək gücdədir. Rusiyanın imperiyalist maraqları olduğu kimi, Türkiyənin də oxşar istəkləri var.

Biz Rusiyanın tərkibində 3 əsr qalıb əriməmişik. Əksinə elm və texnologiya, mədəniyyət inkişaf edib. Amma Türkiyə 30 ildə “Fatmagülün suçu ne” tipində seriallarla kütləvi savadsızlıq yayıb. Əldə etdiyimiz nə olub? Nədə irəlləmişik? Yaxud da Türkiyədə müsbət və fərqli nə var ki, ondan nümunə götürək? Heç nə!

Buna görə də mən düşünürəm ki, Azərbaycanın Avropaya açılımı tarixdə olduğu kimi Rusiya üzərindən olacaq. Türkiyə isə bizə yalnız və yalnız təhlükədir. Buna görə də ölkədə rusdilli, talış dilli və qafqazdilli məktəb və mətbuatın inkişafı ölkənin əsas konsepsiyası olmalıdır. Əks tərəfi tutanlar isə ölkənin Türkiyə tərəfindən işğalına dəstək verirlər və ölkənin məhvinə çalışırlar.

Rahim Şaliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma