İrana agentlik etməkdə günahlandırılaraq saxlanmış Mirhafiz Cəfərovun məhkəməsi növbəti dəfə təxirə salınıb.
Bu barədə onun qardaşı Seyidəli Cəfərov Avasor Tv-yə məlumat verib. O, deyib ki, qardaşını məhkəməyə gətirməyi unudublar:
“İstintaq bitdikdən sonra iyunun 4-nə məhkəmə saldılar. Daha sonra məhkəməni ilk olaraq iyunun 11-nə, ardınca isə iyulun 25-nə təxirə saldılar. İyulun 25-si isə dedilər ki, Mirhafizi məhkəməyə gətirməyi yaddan çıxarmışıq. Məhkəmə yenidən təxirə salındı. Görünən odur ki, bizi ələ salıblar. Sübut tapa bilmədikləri üçün işi uzadırlar”.
O, həmçinin qardaşının hazırda DTX-nın binasında yer olmadığına görə xəstəxanaya köçürüldüyünü və vəziyyətinin stabil olduğunu bildirib.