60 il öncə doğma yurdundan didərgin düşənlər hələ də o torpağın həsrətini çəkir.
Astara rayonunun dağlıq ərazisində, İranla sərhəd boyunca yerləşən Anbaran, Baxçalı, Armudu, Çayağzı, Unuz, Təngərov, Növüştərü, Dilmədi və Siyov kəndlərinin əsil sakinləri hələ də didərgindirlər. Stalin repressiyası dövründə, 60 il bundan əvvəl həmin kəndlərdə yaşayan adamları Azərbaycana və keçmiş SSRİ-nin digər ərazilərinə köçürdüblər. Əhalinin həmin ərazidən köçürmə prosesi 1953-cü il yanvarın 27-dən başlanıb, Stalinin ölümündən 2 gün keçəndən sonra – yəni martın 7-də, təxminən, 40 günə başa çatdırılıb. Salyanın Sarvan, Qaraqaşlı və Zaqatalanın kəndlərində indi də həmin ərazilərdən didərgin salınmış adamlar və onların övladları yaşayır.
O dövrün canlı şahidi, 94 yaşlı, Armudu kəndində anadan olmuş, 2-ci Cahan müharibəsinin iştirakçısı Sərvəz Tarverdiyev deyir ki, ata-baba yurdlarının hələ də həsrətini çəkirlər. O, həmin dövrü belə xatırlayır: “Bəhanə o oldu ki, burda yaşayanlar İrana gedir”. “İranlı” adı qoydular bizə, guya İrana gedib-gəlirsiz. Bizi 53-də köçürtdülər. Bəhanə o oldu ki, burda yaşayanlar İrana gedir. Camaatı Salyana tökdülər. Ağsaqqalı-qarasaqqalı apardılar”.
Unuz kəndində anadan olmuş Məmməd Şirinov isə deyir ki, köç vaxtı 14 yaşı olub. Onun deməsinə görə, adamların köçürülməsinə bir sərhədçi zabit rəhbərlik edib: “53-cü ilin əvvəllərində gəldilər. Baxıb gördülər ki, sərhəddə faktiki heç nə yox idi. Mart ayında gəldilər, Şahağaclı Əliağa Məmmədov icra komitəsinin sədri idi. Başladılar əvvəl kolxozun yükünü daşıdılar. Camaatı gətirib tökdülər Bəndəsərə, Bəndəsərdən də apardılar tökdülər Salyana”.
Məmməd Şərbətovun dediyinə görə, köç vaxtı vəfat edənlər də oldu. O deyir ki, dağ şəraitində yaşayanların aran zonasına gətirilməsi problemlər yaratdı: “Burdan gedən heyvanın hamısını qızdırma tutdu, öldü. 3 yerə böldülər camaatı. Kolxozun heyvanını da 3 yerə
böldülər. Burdan gedən heyvanın hamısını qızdırma tutdu, öldü. 12 günə burdan Salyana gedib çıxdıq. Şahağacıya qədər milis qoydular. Axşam Şahağacıda qaldıq”.
Məmməd Şərbətovun gözləri dolur. Bir anlıq fikrə gedir. Sonra deyir ki, onları ata-baba yurdlarından köçürərkən heç kimdən heç nə soruşmayıblar. Sadəcə bildirdilər ki, Stalinin əmridir, 1947-ci ildən sərhəd boyunca yaşayanlar başqa yerlərə köçürülürlər. O, Azərbaycanın iki yerə bölünməsini böyük faciə hesab edir. Onun sözlərinə görə, 2 işğalçı ölkə arasında müəyyən edilən sərhəd həmin ərazidə olan Baxçalar kəndinin ortasından keçirdi. Buna görə kəndi yerlə yeksan ediblər: “Baxçalar sərhəddə idi. Sovet hökuməti təzə gələndə Baxçalarda yaşayanlar sərhədə yaxın olduğu üçün Armudu kəndində onlara yaşayış yeri verdilər. Baxçaları hökumət köçürtdü Armuduya. Baxçalar oldu sərhəd”.
Məmməd Şərbətov deyir ki, dağ kəndlərində yaşayanlar heyvandarlıqla, taxılçılıqla məşğul olurdular. Təkcə Unuz kəndində 22 ailə yaşayırdı. Onun bildirməsinə görə, həmin kəndlər aclıq bilməyiblər. Münbit torpağın, təsərrüfatın hesabına çörəkləri olub. Kənd əhalisi sərbəstliyi saxlayıb. O deyir ki, o vaxta kimi ciddi sənədləşmə getməmişdi.
“Məktəbdə oxuyurduq. Günortaya yaxın gördüm 3-4 nəfər gəldi milis geyimində. Hamısına metirka yazdılar, mənə çatmadı. 25 manat maya qoydum, metirka ala bilmədim, vermədilər. Gizlin gəldim Salyandan bura, 15 gün burda süründüm, mənə metirka vermədilər. Sonra çıxıb getdim”.
Məmməd Şərbətov doğum haqqında şəhadətnaməsini 10 ildən sonra ala bilir. 1956-cı ildə isə sakinlərin öz kəndlərinə qayıtmalarına icazə verilir. Bu da yalnız kağız üzərində qalır. Həm yerli dövlət orqanları, həm də sərhədçilər onların öz doğma kəndlərinə qayıtmasına maneələr yaradırlar. Sonralar həmin yerlər sovet generallarının ov yerinə çevrilir. Azərbaycan müstəqillik qazanandan sonra həmin yerlərə bir neçə ailə köçür, sovxoz yaradılır. Lakin bu kəndlərə nə işıq, nə də yol çəkilir. Məmməd Şərbətov deyir ki, rayon mərkəzindən ora 40 kilometrlik dağ yoludur. Gedib-gəlmək olmur. Bu baxımdan da Unuzlular rayon mərkəzində məskunlaşmağa üstünlük verirlər. O deyir ki, hələ də doğma kəndinə qovuşa bilmir: “Gözəl yerlərdir. Onu deyim ki, ora çox vaxt yağışlı olur, həmin gün isə hava açılanda İran da, digər yerlər də çox gözəl görünürdü. Sanki Tanrı bizə son imkanı verdi ki, bu yerləri aydın görək. Dedim, vay bu gözəl yerdən, biz köçürük”.
Tarixçi Tarif Əliyev deyir ki, Türkmənçay müqaviləsindən sonra Astara çayının tən ortası sərhəd götürülüb. Elə kəndlər var ki, sərhədə görə yox olub və yaxud başqa yerlərə köçürülüb. Astaranın Unuz deyilən ərazisində olan kəndlər də belə tale yaşayıblar. O deyir ki, iki yerə
bölünən qəbiristanlıq da var. Onun fikrincə, müstəqillik dövründə bu kəndlərin bərpası üçün iş görülməli idi. Lakin bunu etməyiblər. İlk illərdə insanlara öz doğma
yurdlarına getməyə icazə versələr də, sonradan bu qayda sərtləşdirlib. Həmin ərazi Hirkan Milli parkın ərazisinə daxil edilib. Ora getmək çətinləşib. Buna həm
sərhədçilər, həm də Milli parkın nümayəndələri mane olurlar. O deyir ki, həmin ərazidə bir neçə ailə məskunlaşıb. Onlar təsərrüfatla məşğuldurlar. Lakin ora nə yol, nə də işıq çəkilib. Ən qəribəsi budur ki, rəsmilər də bu barədə danışmaq istəmirlər. Açıq şəkildə bildirirlər ki, bu məsələ qapanıb. Lakin Məmməd Şərbətov hələ də ümidini üzməyib. O
deyir ki, haçansa onları doğma kəndlərinə qaytaracaqlar.
Onu da xatırladaq ki, həmin dövrdə Talışın Yardımlı və Lerik rayonlarından da 100-ə yaxın ailə belə məcburi köçürməyə məruz qalib.
“Talış xeberleri” qezetinin muxbiri Müstəcəb
Məmmədov.
[…] https://avestatalysh.com/2016/08/03/stalinin-%C9%99mri-il%C9%99-talislarin-astara-v%C9%99-lerikd%C9%… […]
BəyənBəyən