Talış folklorşünası İradə Məlikova sentyabrın 21-dən 22-nə keçən gecə Bakı hava limanında saxlanaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (BMCMİ) İdarəsinə aparılıb.
Sentyabrın 23-ü səhər saatlarında isə “Talışı Sədo” qəzetinin əməkdaşı Vüqar Mustafayev BMCMİ-yə aparılıb.
Bu haqda “Talışi Sədo” qəzetindən Azər Lerikli məlumat verib.
Onun bildirdiyinə görə, hər iki şəxsi “Talışca-Türkcə”, “Talışca-İngiliscə” lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlayıblar.
“İ.Məlikovanın mənzilində axtarış da aparıldı. Onun mənzilindən 4 nüsxə lüğəti də özləri ilə apardılar”, A.Lerikli bildirib.
BMCMİ-də separatçılıqla məşğul olduqları güman edilən İ.Məlikova və V.Mustafayevin izahatı alınıb.
Hər iki şəxs BMCMİ-də olarkən sözügedən lüğətlərin çapında hər hansı qanunsuz əmələ yol verilmədiyi, lüğətlərin Prezident Administrasiyasının Ümumi İşlər İdarəsinin kitabxanasına da təqdim olunduğu bildirilib.
Ardınca hər iki şəxs sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə:
«Azadlıq.org saytının 23.09.2016-cı il tarixli sayında yerləşdirilmiş yazıda folklorşünas İradə Məlikova və jurnalist Vüqar Mustafayevin guya «Talışca-Türkcə», «Talışca-İngiliscə» lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlanılması barədə səslənmiş iddialar həqiqətdən uzaqdır.
Hər iki şəxs milli ayrı-seçkiliyi və separatçılığı təbliğ etmələrinə dair barələrində Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Aparılmış araşdırma zamanı məlumat öz təsdiqini tapmayıb və bu şəxslər dərhal sərbəst buraxılıblar».
Qeyd edək ki, Azərbaycanda Erməni dilində peyk televiziyası, ermənişünaslıq fakülətsi fəaliyyət göstərir. Həmçinin APA informasiya agentliyi erməni dilində yayımlanır. Lakin Talış dilinə qeyri-rəsmi qadağa var.
Azərbaycanı bu rəzil hala da saldılar.