Heç bir insan inamsız yaşaya bilməz. İlkin inamlar hələ ibtidai-icma quruluşu dövründə yaranmağa başlamışdır. İnsanlar öz həmcinsinə, ətraf mühitə, təbiət hadisələrinə, səma cismlərinə, heyvanlara və müxtəlif bitkilərə, xeyirxah və şər qüvvələrə, cinə-şeytana, divlərə, əjdahaya, mələklərə… dair öz zehnində inanclar yaratmışlar. Bu inanclar əsrlər boyu insanların psixologiyasında formalaşmış, gəlib indiki nəsillərə çatmışdır. Hər bir xalqın inam və etiqadları onun milli yaradıcılıq məhsulu olmaqla, onlar həm də həmin xalqın keçdiyi mədəniyyət yolunun göstəricisidir. Xalq adətlərində, inam və etiqadlarında millətin tarixi, psixologiyası, məntiqi və ədəbiyyatı əks olunur.
Talış folkloru da xalq inam və etiqadları ilə zəngindir. Lerik rayonu talışlarının 90 faizi şiə, 10 faizi isə sünni məzhəblərinə aid olub, hamısı islam dini təriqətinə mənsubdurlar. Onlar Azərbaycandakı müsəlmanların icra etdikləri bütün ayin və ritualları yerinə yetirir, İslam dini adətlərinə əməl edirlər. Lakin talışların adət və ənənələrində İslamdan əvvəlki dini inancların əlamətləri qorunub, saxlanılmışdır. Əhalisinin şüurunda animizm, ovsunçuluğun, fetişizmin, müxtəlif əşya, bitki və heyvanlarla bağlı ayinlərin icrasına inam bu günədək qorunub saxlanmışdır. Lerik əhalisində qeyri-adi varlıqlarla bağlı inamlar və onların şər qüvvələrinin zərərləşdirmək, xeyirxah qüvvələri isə özlərindən razı salmaq üçün müəyyən ritualların icrası indi də həyata keçirilir.
Məhəbbət, toy və ailə həyatı ilə bağlı inamlar.
Yas, bədbəxtlik və uğursuzluqlarla bağlı inamlar.
Məhəbbət, toy və ailə həyatı ilə bağlı inamlar
Bəşəriyyətdə məhəbbət hissi ən ülvi hissdir. Məhəbbətsiz heç nə yaşaya, möcud ola bilməz. Yer kürəsi də, kainat da məhəbbət üzərində bərqərar olub.
Məhəbbətin varlığı ilə cəmiyyət yaşayır, artıb çoxalır, insanlarda qurub-yaratmaq eşqi meydana gəlir. Ona görə də əsrlər və minilliklər boyu bu qüvvənin təsirində yaşayan insan təbii olaraq məhəbbət, sevgi hissləri ilə, ailə münasibətləri ilə bağlı daim düşünüb-daşınıb, bununla bağlı çoxsaylı inam və etiqadlar uydurub, yaradıb və s.
Söhbət açdığımız bölgədə də məhəbbət və ailə həyatı ilə əlaqədar çoxlu inanclar, etiqadlar yayılmışdır. Məhəbbətin obyekti müxtəlif olsa da, onların içərisində cinslərarası məhəbbət-sevgi ünsiyyəti xüsusi çəkiyə, xüsusi dəyərə malikdir.
Talışlar inanırlar ki, son çərşənbə axşamı duzlu yemək yeyib, üstünə su içməyib yatan subay gənc yuxuda gələcək həyat yoldaşını görəcək.
Son çərşənbə günü subay qız həyətdə, arxası evə tərəf qalıb, başmağını başının üstündən arxaya atdıqda, başmağın burnu həyət qapısına tərəf qalarsa, demək o, bu il ərə gedəcək. Başmağın burnu evə tərəf qalarsa, demək o, bu il də ərə getməyəcək, evdə qalacaq.
Hər hansı bir gəncin üzərində sap görsən, onu götürüb, əlifba sırası ilə səsləri (hərfləri) sadalamaqla gəncin şəhadət barmağına dolayırsan, hansı səsdə (hərfdə) sap bükülüb bitərsə, demək həmin hərf onun gələcək həyat yoldaşının adının ilk hərfidir.
Əlinin içi tərləyirsə, demək səni çox sevirlər.
Kim yemək yeyərkən boşqabındakını təmiz yeyib qurtarsa, gələcək adaxlısı təmizkar və gözəl, boşqabı təmizləməsə, adaxlısı çirkin olacaq. Bu deyim ona görə yaranıb ki, yeniyetmələr yeməklərinin hamısını yesinlər, israfçılıq etməsinlər. Buna inanan bəzi gənclər, yeməyini yeyib, qabın ortasında kiçik bir qırıntı saxlayır ki, qoy gələcək adaxlısının üzündə bir xalı olsun.
Kimin ayağının baş barmağı ikinci barmaqdan uzundursa, o, gələcək həyat yoldaşından böyük, əksinədirsə, kiçik olacaq. Burada böyüklük yaşca da ola bilər, boyca da.
Qaşları biri-birinə yaxın olan gənc yaxın adamı, yaxud yaxın yerin adamı ilə, uzaq olan isə uzaq adamı (quhumu), yaxud uzaq yerin adamı ilə evlənəcək.
Qız uşağı ulağa minsə, bəxti tez açılar. Yəni tez ərə gedəcək.
Plov qazmağını yeyənin toyunda yağıntı olacaq.
Südlü aşın qazandibini yeyənin toyunda yağış yağacaq.
Yanağın qaşınırsa, kiminləsə öpüşəcəksən.
Toy ərəfəsində əncir ağacına qırmızı parça bağlasan, toyda yağış yağmaz.
Gəlin qız köçərkən, ən yaxın rəfiqələrinin hərəsinin adına bir düyü götürüb, həyətə düşəndən sonra onları bir-bir yerə atarsa, elə həmin il, o qızların da bəxti açılacaq…
Gəlinlik paltarı əyində ikən saç kəsdirməzlər. Bu, gəlinlik ömrünün kəsilib, azaldılması kimi izah edilir.
Talışların fikrincə, nişanlı qız gəlin köçdüyü günəcən qonşudan heç nə alıb yeməməlidir.
Nişanlı qız, hava qaralandan sonra çöldə-bayırda, xüsusilə çayda, çeşmə başında qalmamalıdır. Bu vaxt şər qüvvələr ona xətər yetirə bilər. Nişanlı olan dövrdə qızın şər qüvvələrə qarşı müqaviməti zəif olur.
Nişan üzüyü taxılarkən və gəlin zifaf otağına salınıb oturdularkən onun qucağına oğlan uşağı verirlər ki, ilk övladı oğlan olsun.
Gəlini ər evinə yola salanda başının üstündə çörək kəsib, yarısını qultuğuna verirlər ki, ər evinə ruzi-bərəkət aparsın. Gəlini Quranın altından keçirirlər ki, Quran ondan muğayat olsun.
Gəlin qızın cehizini pəncərədən çıxarmaq olmaz.
Gəlin köçən qıza özü ilə aparmağa dibçək verməzlər.
Qızın, toy günü güzgüsü, lampası sınarsa, bunu uğursuzluğa yozurlar. Deyirlər, qız getdiyi yerdə xoşbəxt olmayacaq. Doğrudur, belə hallarda bəd yozumlar yada salınmır, dilə gətirilmir. Deyirlər, toy sahibi deyər “nəs ağzını açır”.
Qızın toy günü bir şirniyyatı (son zamanlar bir şokaladı) qıza dişlədib, qalan yarısını oğlana yedizdirirlər ki, sözləri biri-birinə şirin gəlsin.
Toy olan (olmuş) ev həmin il həyətində təndir qoymamalıdır.
Zifaf gecəsi bəylə gəlin çalışmalıdırlar ki, biri digərinin ayağının pəncəsini ilk olaraq tapdalasın. Kim birinci tapdalasa, evdə onun sözü ötkəm olar.
Burada bir nüans diqqəti cəlb edir: Xalq bu adəti yaratmaqla əslində, bir-birinə hələ isinişməyən gəncləri ərkli etməyə, yaxınlaşmaq üçün cürətli etməyə hesablamışdır.
Bişirdiyi xörək duzlu alınarsa, demək məhəbbəti dərindir.
Talışların inamına görə çiləsi çıxmayan gəlini, bəyi bəzən şər qüvvələr, bəzən isə onu istəməyən real adamlar çilləyə vurarlar. Zifaf gecəsindən sonrakı 40 gün müddətində bəylə gəlin çiləli hesab edilir. Bu vaxt ərzində onların üstünə dua gətirilərsə, yəni onların olduğu otağa dualı adam girərsə və ya şər qüvvələr onların birisinə xətər yetirərsə, o xəstələnə bilər və ya gəlin uşağa qalmaz. Buna məruz qalana “çiləyə dəyib” deyirlər. Çiləyə çox vaxt şər qüvvələrə qarşı müqaviməti daha çox zəif olan gəlin düşür. Çiləni müxtəlif ovsunlarla “götürmək” lazım gəlir. Əks təqdirdə, çiləyə dəyən daim o vəziyyətdə qala və yaxud ölə bilər.
Bəs çiləsi çıxmayan bəylə gəlin daha nələrdən özünü qorumalı, nələrdən ehtiyatlı olmalıdır?:
Çiləsi çıxmayan, ölü aparılarkən onunla rastlaşarsa, gərək həmin ölünün qəbrindən bir az torpaq götürsün və geri, qəbrə baxmadan qəbirdən uzaqlaşsın, evinə qayıtsın. O, qəbir üstündən götürdüyü torpağı həyətində yerə atsın, atdığı yerə baxmadan evə girsin. Yoxsa çiləyə düşər.
Təzə doğmuş pişiyin, digər kiçik heyvanın, eləcə də cücəli toyuğun üstündən çiləli gəlin adlasa, ya həmin heyvan, ya balası öləcək. Əgər gəlin artıq hamilədirsə, ya gəlin, ya uşağı tələf ola bilər.
Əgər gəlin artıq çiləyə dəyibsə, uşağa qalmırsa Ramazan qurbanında kəsilən heyvanın ürəyini bişirib, onu gəlinin başı üstündə doğrayaraq ona yedirtsən, çiləsi götürülər və uşağa qalar. Və yaxud, çiləyə düşmüş gəlin son çərşənbə axşamı səmənini kəsib, onu axar suya verib: ey səməni, mən səni necə kəsmişəm, sən də çiləni elə kəs!-desə, sağalar.
Hamilə qadınlarla bağlı Lerik kəndlərində deyirlər:
Hamilə qadın Aya baxarsa, uğaq göyçək olar.
Hamilə qadın hər hansı bir şəxsə və ya heyvana baxarkən, qarnındakı uşaq tərpənərsə, uşaq ona oxşayacaq. Məsələn, üst dodağı yarıq insanlara tez-tez rast gəlirik. Onlar haqqında deyirlər ki, anası ona hamilə ikən dovşana baxıb…
Uşağı bu cür anadan olmuş qadınlar da iddia edirlər ki, bu uşağa hamilə ikən qarşıma dovşan çıxdı, səksəndim…
Hamilə qadın, çörək bişirilən təndirin yanından keçərkən çörəyin iyi ona dəyərsə, o çörəkdən mütləq ona yedirdirlər. Əks təqdirdə, deyirlər, uşaq qarında ölər. Bəzən bu vaxt qadın çörəyi yemək istəmir. Lakin israrla o çörəkdən ona dadızdırırlar.
Hamiləliyin son ayında qadını tez-tez müşahidə edirlər. Əgər qadın tez-tez əlini arxasına tərəf aparırsa qızı, başına tərəf aparırsa (başını qaşıyırsa) oğlu olacaq. Bu vaxt qadının başına xəlvət, o bilmədən, bir az duz və ya un tükürlər.
Deyrlər, oğlan uşağı üzüqoyulu doğulur. Torpağı qucaqlayıb deyir: Can dədəmin torpağı. Qız arxası üstə doğulur. Deyir: Yenə ata torpağı?..
Bu inancın yozumu belədir ki, oğlan uşağı doğulur, ata yurdunda qalır. Ata evinin qoruyucusu olur. Qız isə böyüyən kimi gözü başqa ocaqda olur, “özgə” evinin ocağını yandırır.
Uşaq anadan olandan sonra 6 gün müddətində onun yeni mühitə uyğunlaşması prosesi gedir. Bu dövrdə kiçik bir çatışmazlıqdan o ölə bilər. Tibb elmi də təsdiq edir ki, “uşaq anadan olandan altı gün ərzində onun hiss orqanları bərpa olunur”.
Altıncı günün axşamı “Şəşə şəv” adlanır. Şəş—altı, şəv—gecə deməkdir. “Şəşə” isə altıncı gecə uşağı “apara”, öldürə bilən şər qüvvəli mələyin adıdır.
Şəşəyə qarşı mübarizə aparmaq üçün uşağın anadan olmasının altıncı axşamı zahı qadının yaxın qohum-əqrəbasından olan qadınlar, qadın və körpənin olduğu otağa toplaşır, səhərə qədər yatmırlar. Sabahı dirigözlü açırlar. Uşağı Şəşədən qoruyurlar. Onlar düşünürlər ki, biz yatsaq, Şəşə gəlib uşağı oğurlayar, öldürər. Şəşə üçün bayırda, əsasən qapının üst dərasərinə yağlı çörək qoyurlar ki, Şəşə gəlib çörəyi yesin, onlardan razı qalsın, uşağa dəyməsin.
Bu vaxt qadınlar Şəşədən ciddi sürətdə qorxmurlar. Hətta ona nifrət belə etmirlər. Onu yağlı çörəklə aldada bildikləri üçün xoşhal olurlar. Əsas məsələ qadınların hamısının sabahadək yatmamasıdır. Yatmış olsalar, uşağa və ya zahı qadına zəfər toxunsa, günahı yatdıqlarına görə özlərində görürlər (1).
Azərbaycan etnoqrafları və folklor araşdırıcıları Şəşə haqqında çox məhdud dərəcədə məlumat verirlər.
A.Acalovun “Azərbaycan mifoloji mətnləri” kitabında “Şəşə” “Şeşə” adlandırılır. Təəssüf ki, tədqiqatçı Şeşə haqqında məlumatları kimdən və haradan topladığını qeyd etmir. Bu məlumatlarda Şeşənin quş olduğu bildirilir və deyilir ki, Şeşə, uşaq olan otağa girərsə, onu tutub, başını miras qalmış qızılla kəsirlər. Şeşə ancaq oğlan uşaqlarına xətər yetirə bilir. Oğlan uşaqlarını 6 ay Şeşədən qorumaq lazımdır (2, s.145).
Şəşə (Şeşə) talış miflərində daha konkret xarakterizə edilir və ona qarşı tətbiq edilən tədbirlər də daha konkretdir.
Adət üzrə altıncı gün uşağa ad qoyulmalıdır. Adqoyma gecikdirilərsə, deyirlər, o uşaq yalançı olar.
Əgər bir qadının bir neçə uşağı olub, ölübsə, ona pis bir adamın adını qoyurlar ki, yaşasın. Belə düşünülür ki, “pis adam gec ölər”.
Uşaq anadan olandan on gün sonra ilk dəfə çimizdirilir. Uşaq da, anası da doğumdan sonsakı 40 gün çiləli hesab edilir. Bu vaxt ərzində hər adamı onların üstünə, evə buraxmaq olmaz.
Ümumiyyətlə, uşaq olan evə kimsə ilk dəfə girəcəksə, uşağı əvvəl bayıra çıxarırlar. O şəxs içəri keçəndən sonra, uşağı və anasını otağa salırlar. Duası olan (dualı adam) adamı isə bu qırx gün ərzində evə buraxmırlar. Deyirlər ki, uşağın üstünə dua gətirmək olmaz, uşaq dualı olar. Yəni uşağa mütləq mollaya dua yazdırmaq lazım olar, əks halda uşaq xəstələnə və ölə bilər.
Bu inancların heç biri təsadüfən yaranmamışdır. Ulu babalarımız, ağbirçək nənələrimiz bu inancları dönə-dönə sınaqdan keçirmiş, onların doğruluğuna heç bir şübhə etməmişlər. Yaxşı deyiblər ki, körpə qığıltısından gözəl himn yoxdur. Uşaq evin sevinci, ailənin xoşbəxtliyi deməkdir. Və bir də, atalar deyib: Bala baldan şirin olar. Odur ki, uşaqlarla bağlı inamlar daha çoxdur.
Talışların uşaqlarla bağlı inanclarında onların gözəl, ağıllı olması, xəta-bəladan uzaq olması arzusu ilə bərabər, uşaqlar heç bir fırıldaq bilmədikləri üçün, məsum olduqları üçün onların gördükləri və başlarına gələn hər işə böyük inam hissi ilə yanaşmışlar.
Talış inanır ki, uşaq əvvəl üst dişlərini çıxararsa, o əzazil, “adam başı yeyən” olar.
Uşağın çiləsi çıxan gün onu çimizdirmək lazımdır. Çilə suyunu bir axşam uşağın beşiyinin altında saxlamalı, sabahı gün atılmalıdır. Yoxsa, uşaq yatmaz. Uşağı çimizdirərkən isə çilə suyundan onun başına qaşıqla qırx qaşıq tökmək lazımdır.
Körpə uşaq axşam evdən çıxarılırsa, bələyinə çörək salınır və ya uşağın əlinə çörək verilir.
Körpə uşağı pəncərədən almazlar (keçirməzlər).
Körpə uşağın dırnaqlarını qırxmazlar.
Körpə uşağın qundağını açarkən, o əlini açarsa əliaçıq, yumarsa xəsis olar.
Körpə uşağın əlinin içindəki kiri (korə, kərmə) təmizləməzlər. Təmizləsən, uşaq yuxusuzluğa düçar olar.
Beşikdə uşağın əllərini bağlamayıb açıq saxlasan, çox güclü olar.
Beşikdə yatan uşağın beşiyinin altında və ya uşağın üstündə pişik özü qayxıb yatarsa, uşağın xəstəliyini özünə çəkmiş olur.
Uşağın beşiyində, balışının altında kəsici bir alət-bıçaq, qayçı və s. qoyulur ki, o yuxuda qorxmasın.
Uşağın beşiyini boş tərpətsən, qulaqları ağrıyar.
Uşaq yalnız bir yaşa çatdıqdan sonra onun başını qırxmaq olar. Adətən, ilk saç parçaya bükülüb, uzun müddət sandıqda saxlanılır. Lakin başqa bir inam da vardır ki, ilk saç qırxılıb varlı bir adamın qapısı ağzına atılır ki, saç sahibi də varlı olsun. Və yaxud məktəb, mədəniyyət ocağının həyətinə atılır ki, uşaq savadlı, mədəni, ziyalı olsun.
Uşaq diş çıxararkən evdəkilər “tuşulu aş” (bu yeməyə “donəvinə aş” , “tırşov” və s. də deyilir) bişirib yesələr, uşağın dişi tez və asan çıxacaq.
Yatan uşaqla oynamazlar. Ona yatan yerdə şillə vurmazlar. Oynamaq, əzizləmək üçün olsa belə… Deyirlər: Firiştələr uşağı vurar.
“Firiştə” Avestada adı çəkilən “fravartiş” adlı mələk və ya ruhdur. O müasir mifik təfəkkürdə yalnız uşaqlarla əlaqədar fəaliyyət göstərən bir varlıqdır. Firiştə, əsasən günahsız, pak, məsum bir mələk kimi təsvir edilir. Hətta talışlar körpəyə də Firiştə deyirlər. Çünki, körpələr də heç bir günahı olmayan məsum varlıqlardır.
Yatan uşağı öpməzlər.
Yeriyə bilən uşaq iməkləyərsə evə qonaq gələcək. Uşaq əlinə süpürgə götürərsə, bu da evə qonaq gələcəyinin əlaməti kimi yozulur.
Hər hansı bir işi başlayanda təzə yeriyən bir uşağı ayaq üstə saxlayır, o, sağ ayağını birinci qabağa atarsa iş xeyirli, sol ayağını qabağa atarsa, bəd olar.
Uşaq gec dil açarsa, ona quş (əsasən göyərçin) ətini və ya yumurtasını yedirtsələr, tez dil açar.
Uşaq gec ayaq tutsa, onu bir xəlbirə salıb, yeddi evə gəzdirib, “şilin (çolağın) payını verin!”-deməklə, ona pay yığırlar. Bundan sonra uşaq yeriməyə başlayır. Payın nə olacağına hədd qoyulmur. Bu vaxt uşağa şirniyyat, un, çörək, parça, süd məhsulları və s. vermək olar.
Uşağın ağzının suyu daim axarsa, onun dayısı baş barmağını sovurmaq üçün uşağın ağzına salsa, ağzınım suaxması dayanar.
Hamilə qadının əvvəlki uşağı əlinə süpürgə götürübsə qız, çubuq götürübsə oğlan olacaq.
Bu inancdan aydın görünür ki, süpürgə qıza işarədir. Evi adətən, qız uşağı silib-süpürür. Çubuq isə sərtlik işarəsidir. Vurmaq istəyindən irəli gəlir. Çubuq qılıncı da xatırlayır. Bu oğlana xas alətdir.
Uşaq üçün bir iş görmək istəyərkən səbr gələrsə, bu ona işarədir ki, uşağın başına bir iş gələcək. Bu vaxt uşağın köynəyinin yaxasını dartıb silkələməklə “yüngül keçsin” demək lazımdır.
Qorxmuş uşağın başına qapı ağzının külünü töksən, qorxusu keçər.
Hansı uşaqdan sonra anası oğlan doğarsa, demək ayağı yüngül, qız doğarsa, ayağı ağırdır.
Yas, bədbəxtlik və uğursuzluqlarla bağlı inamlar
El, birinə bədbəxt hadisə baş verəndə daha çox əlbir olur, bir-birinə dayaq durur. Belə bir məsəl də var: İnsan dar gündə tanınar. Ölüm isə bədbəxt hadisələrin ən ağırıdır. Birinin evində belə bir itki baş verəndə, bütün qohum-qonşu üzür dəyənin həyətinə yığılır. Hətta ölü sahibi ilə ümü-küsüsü olan adamlar da inciklərini bir qırağa qoyub, ölü yiyəsinə həyan olmağa çalışır, onlara başsağlığı və ürək-dirək verirlər.
Qadınlar ağı deyib ağlayır, kişilər isə ölünü dəfn etməklə məşğul olurlar.
Ölü, həyətdə “mürdəşir” adlanan şəxslər tərəfindən yuyulur. Molla qabaqda olmaqla, camaat elliklə ölünü dəfn etmək üçün onu ölü daşınan xərəkdə uzatmaqla , çiyinlərdə qəbiristanlığa aparırlar. Ölü cavan olanda meyidin üstünə qırmızı parça sərirlər. Həmin qırmızı parça qəbiristanlıqdan evə qaytarılmır. Ölü dəfn ediləndən sonra, həmin parça qəbrin üstünə sərilir.
Yeddi gün, hər axşam qəbirin üstündə məşəl və ya şam yandırılır. Məşəli, ölünün paltarlarından iki ədəd ağacın başına dolayıb, bükməklə hazırlayırlar. Məşəlin biri baş, digəri ayaq tərəfdə torpağa basdırılaraq yandırılır. Ölünün təzə qalmış paltarları kənddə, obada ən kasıb hesab edilən adamlara paylanılır. Belə adamlara “fitrə düşən adamlar” deyilir. Bəzən, qəbir qazanlara da onlardan verilir. Onlardan ölü üçün çəkdikləri zəhmətə görə halallıq istənilir.
Ölü, çox vaxt ölənin həyətində yuyulur. Ölü yuyulan yerdə üç gün məşəl yandırılır. Ölü yuyulan yerdə, eləcə də qəbir üstə yandırılan məşəl (müasir dövrdə şam) talışların inancına görə ölünün ruhunu incidə bilən bəd ruhları qovmaq üçündür.
Ölüsü düşən evin kişiləri qırx gün, qohumları isə yeddi gün üzlərini qırxmırlar. Bundan əlavə, ölünün qırxınadək hər cümə axşamı da qəbirin üstündə məşəl və ya şam yandırılır. Ölü sahibləri bu vaxt qara paltar geyinir, ölü sahiblərinin, eləcə də yas mərasiminə gələnlərin qırmızı paltar geyinmələri qəbahət və ölüyə, ölü sahibinə hörmətsizlik kimi başa düşülür.
Yas mərasimləri və ölüm, bədbəxt hadisələrlə bağlı deyimlər, inanclar da talışlar arasında geniş yayılmışdır.
Talışların fikrincə, axşam evdə dırnaq kəsməzlər. Xüsusilə başqasının evində qonaqsansa. Əks təqdirdə, dırnaq kəsilən evdə insan itkisi olar.
Burnun ucu gicişərsə adam öləcək.
Biri evi süpürərkən süpürgə başqasına dəyərsə, süpürən dərhal süpürgəyə tüpürməlidir. Əks halda süpürgə dəyən adam ölər.
Birinə “kül başına” deyilərsə, bu “ərin (arvadın) ölsün!” demiş kimi yozulur.
Yeri gəlmişkən, bu inancın çox qədim tarixi vardır. İslam dinindən çox-çox əvvəllər, yaxın adamı ölmüş insanlar başlarına kül tökmə ritualı keçirərmişlər. Talışlarda indi də belə bir adət və deyim mövcuddur: bədbəxt hadisə ilə üzləşən adamdan “nə edirsən?” soruşanda, o: “nə edərəm? Oturmuşam yolun altında, yolun üstündəki külü tökürəm başıma” deyir. Bununla da anlaşılır ki, şəxsə xoşəgəlməz hadisə baş verib.
Cənazə evdən çıxarılanda dalınca daş atırlar ki, ardınca növbəti yas düşməsin.
İnsanın sağ gözü atarsa evinə qonaq gələcək, sol gözü atarsa adam öləcək.
Qəbir qazılarkən qəbrin içinə yağış yağsa, ölünün ardı gələr deyərlər. Bəzən deyirlər: ölü sayı üç olacaq.
Qəbiristadan, üstündə ölü aparılmış yorğan-döşəyi evə qaytarmış şəxsin belinə çörək vurulur, çörəyi ləm, pələmə üstünə qoyurlar.
Qonşuluqda adam ölən gün nəsə bişirib “iy çıxartmaq” lazımdır. Deyərlər: qəbiristanlığın torpağı tərpənib. Bu ocaqdan yan olsun.
Yatmış və ya uzanmış insanın üstündən adlamazlar. Uşaqsa böyüməz, yaşlısa ölər.
Yaxınlıqda adam ölmüşsə, həmin gün qonşulara da çimmək olmaz. “Həmin gün su ölünündür” deyərlər. Lakin burada mürdəşirlər istisnadır. Hətta onların əli, bədəni ölüyə dəydiyi üçün, mütləq çimməlidirlər.
Yuxuda ölü görmüş adam gərək sabahı gün qəbiristanlığa getsin. Burada özü ilə gətirdiyi soğanı dişləyib, qəbiristanlığa atsın və geri, qəbiristanlığa baxmadan evinə dönsün.
Yuxusunda dişinin çıxdığını görən adam kiminsə bu yaxınlarda öləcəyinə inanır.
Heç kim bədbəxt hadisələrdən sığortalanmayıb. Hər adamın başına arzulamadığı bir hadisə gələ bilər. Heç kimin bədbəxtliyinə görə ona gülmək olmaz. Bədbəxt hadisəni, uğursuzluğu isə müəyyən hadisələrin baş vrməsi xəbərdar edir. Bunları bilmək üçün talışların bir çox inam və etiqadları mövcuddur.
Talışlar inanırlar ki, şam yeməyindən sonra süfrədəki yemək və çörək qırıntılarını həyətə atmaq, süftəni həyətə çırpmaq olmaz. Bu vaxt evin xeyir-bərəkəti də cırpılıb, atılmış olar.
Adam hər qab sındırarkən ömrü bir az azalır.
Axşam evdən pul çıxarmazlar.
Axşam evin süpürülməsi məsləhət görülmür.
Axşam ələ, bədənə tikan batarsa, o gəlin olar. Yəni, gəlin kimi, gələr, geri dönməz, batılan yerdən çıxmaz.
Axşam, şər qarışanda qabın sınması bəd yozulur.
Axşam güzgüyə baxmazlar. Baxan dəli olar.
Bədbəxt bir hadisədən danışarkən qulaqları dartıb “kiş-kiş” demək lazımdır ki, bədbəxtlik ondan və əzizlərindən uzaq olsun.
Biri digərinin üstünə gərnəşsə, gərəkdir ki, dərhal sinəsinə yumruqla vursun. Əks təqdirdə gərnəşən ağırlığını qarşıdakının üstünə tökmüş olur.
Birinin ayaqqabıları üst-üstə qalıbsa, demək kimsə onun əleyhinə danışır. Qayçının ağzının da çox açıq qalması kimin isə dalınızca danışılması kimi yozulur. Bunun qarşısını almaq üçün qayçının ağzını bağlamaq lazımdır.
Birinin ayağını tapdalasan və ya kimsə sənin ayağını tapdalasa, dərhal əl görüşü etməlisiniz. Əks halda aranızda dava düşəcək.
Cavan ağacı kəsməzlər. Ağac adama qarğış edər.
Çörəyi isti-isti doğramazlar.
Deyirlər, Aya çox baxma. Ay səni aparacaq. Yəni öləcəksən.
Duz dağılmışsa, evdə dava düşəcək-deyirlər. Bu vaxt heç olmasadağılan duzun üzərinə qənd, şəkər qoymaq lazımdır.
Evdə bir və ya iki qab sınarsa, deyərlər ki, mütləq “üçə dəyəcək”. Yəni üçüncü də sınacaq.
Ümumiyyətlə hər hansı bir işdə iki ziyan dəymişsə, üçüncünün olması da mütləq kimi qəbul edilir.
Evdən qonşuya köz verməzlər. Öz ocağını söndürüb, onun ocağını yandırırsan, deyirlər.
Əl yaylığını (dəsmalı) birinə vermək, birindən almaq ayrlacaqları kimi yozulur.
Gecə qırxgözlü əşyanı (çoxgözlü mənasında, məs. ələk) evdən çıxarmazlar.
Göz dəymiş adamın başına duz çevirib “göz vuranın gözü çıxsın”ı üç dəfə deməklə və hər dəfə duzu başa çevirəndə duz olan əli onun kürəyinə vurmaqla, gözdəymənin qorxusunu çıxarmaq olar. Başa çevrilən duz ocağa və ya sobanın üstünə atılır. Duz nə qədər çırthaçırtla qovrulsa, bil ki, göz vuranın gözü bir o qədər bəddir. Əgər göz vuran adam təxmin edilmişsə, onun cındırından (paltarından) bir az götürüb yandırmaq və tüstüsünü göz dəyən adama vermək lazımdır. Bundan sonra o sağalar. Göz dəyən adama yandırılmış üzərriyin tüstüsünü vürmək də effekt verir.
Günəş batarkən baş yumazlar.
Hər hansı toxumu özün üçün əkməmiş başqasına versən, səninçün olmaz.
Həyətdə, çəpərin bir yerindən ki, it özü üçün keçid düzəldər, buna “it keçidi” deyərlər. Qurxu keçirmiş uşağı üç dəfə belə it keçidindən keçirmək lazımdır ki, qorxusu keçsin.
Qorxan uşağı səbətə qoyub, yeddi köhnə qəbir üstə aparıb, sonra evə gətirsən, qorxusu keçər.
İki adam arasından keçsən, onların arası dəyəcək. Əgər kişi iki arvad arasından keçərsə, şərə düşəcək. Yuxarıda talış mifologiyasında qadınların şər, məkr simvolu olduğu haqqında qeyd etmişdik. Bu inam həmin psixologiyanın məhsuludur.
Qapı ağzında görüşmk, qucaqlaşmaq olmaz. Qapı ağzında oturmaq da yasarlıqdır.
Qolları çarpazlamaq və boynu əyib qalmaq olmaz. Bu yasarlıq əlamətidir. Yəni pis bir hadisə baş verəcək.
Saç kilkəsini ocağa, peçə atmazlar. Saç sahibinin başı ağrıyacaq.
Sağ qulağın qızarıbsa (istiləşmişsə) yaxşılığa, sol qulağın qızarıbsa bədliyə yoxulur.
Səfərə çıxanın dalınca ağlamazlar.
Sübh çağı qarğış etməzlər. Qarğış mütləq tutacaq. Qarğış isə ikibaşlı olur. Bir də deyirlər ki, ana qarğışı tutmaz, ata qarğışı tutar.
Süfrə önündə çörək yeyən adamım qabağında qırıntı çox qalarsa, demək o adamın dalınca bəd danışırlar
Süfrə üstə (önündə) danışmazalar.
Süfrənin üstündə su qoymazalar. Deyərlər: Şeytan su içər.
Süpürgəni əldən-ələ verməzlər. Kiməsə vernək istəyəndə, yerə qoymaq lazımdır ki, o şəxs götürsün.
Şənbə günü saç, dırnaq kəsməzlər.
Şər qarışan vaxt isə evdən heç nə verməzlər. Verilən şeylə evin ruzisi də getmiş olar.
Şər vaxtı uşağı döysən, uşaq qorxudan dualı olar.
Yola düşən adamın arxasınca daş atsan bir daha geri dönməz. Bu onun getdiyi yerdə ölümü ilə də başa çata bilər. Lakin gəlin gedən qızın arxasınca daş atılarkən həmin anlamı vermir. Bu belə yozulur ki, gəlin getdiyi evdə dayanıqlı olsun. Geri qayıtmasın.
İstifadə edilmiş ədəbiyyat
Sərxan Ə. Şəşə şəv. “Tolışi sədo” qəzeti, avqust, 2002.
Acalov A. Azərbaycan mifoloji mətnləri. Bakı-1988.
İnformatorlar:
Ağayeva Bahar Fərman qızı – 1970-ci ildə Lerik şəhərində anadan olub.
Ağazadə Mərziyyə Sərxoş qızı – 1969-cu ildə Lerik şəhərində anadan olub.
Əhədova Əsnay Məhəmməd qızı – 1934-cü ildə Lerik rayonunun Kirəvud kəndində anadan olub.
Əzizova Balanaz Əliəhməd qızı – 1939-cu ildə Lerik rayonunun Camaşar kəndində anadan olub. Lerik şəhərində yaşayır.
Həsənova Bağçagül Muxtar qızı – 1939-ci ildə Lerik rayonunun Kələxan kəndində anadan olub. Məhləband kəndində yaşayır.
Kazımov Məhərrəm Yəhya oğlu – 1938-ci ildə Lerik rayonunun Qışlaq kəndində anadan olub. Lerik şəhərində yaşayır.
Kazımova İlhamə Məhərrəm qızı – 1967-ci ildə Lerik şəhərində anadan olub.
Kərimova Nərgiz Baloğlan qızı – 1947-ci ildə Lerik rayonunun Veləçola kəndində anadan olub. Lerik şəhərində yaşayır.
Quliyeva Gültamam Feyzi qızı—1935-ci ildə Lerik rayonunun Göydərə kəndində anadan olub.
Məhərrəmov Baladdin Aydın oğlu – 1967-ci ildə Lerik rayonunun Andurma kəndində anadan olub.
Mirələmova Sürvət Həşim qızı – 1929-cu ildə Lerik rayonunun Pirasora kəndində anadan olub. Nisli kəndində yaşayır.
Rüstəmova Zinyət Əli qızı – 1932-ci ildə Lerik rayonunun Xəlifəkənd kəndində anadan olub. Lerk şəhərində yaşayır.
Bu material “Tolışon Sədo” qəzetinin N:02 (95) və 03 (96) saylarında dərc edilmişdir
Nəriman Ağazadə
Etnoqraf